Bank Of Baku

Tiflisdə azərbaycanlı rəssamın sərgisi açılıb - FOTOSESSİYA

Tiflisdə azərbaycanlı rəssamın sərgisi açılıb - <span style="color: red;">FOTOSESSİYA
# 17 iyun 2015 07:40 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. İyunun 16-da Tiflisdəki Parlament Kitabxanasında Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) və Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü və təşkilatçılığı ilə Borçalıda yaşayan rəssam Hacı Rizvan İsmayılovun "Şərq müdriklərinin qonaqlığında" adlı  rəsm əsərlərindən ibarət sərgisinin açılışı olub.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstanın Barışıq və Vətəndaş məsələləri üzrə dövlət naziri Paata Zakareişvili, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, GMİ-nin şeyxi Hacı Ramin İgidov,  Gürcüstanın qaçqınlar və yerləşdirmə məsələləri üzrə naziri Sozar Subari, Türkiyənin Gürcüstandakı səfiri Ləvənd Gümrükçü, AMM-in rəhbəri Fazil Həsənov, Fransadan gələn rəssam Levan Moisaşvili və başqaları çıxış edərək rəssamın əsərlərində İslam mədəniyyətinin saflığı, möhtəşəmliyi, müasirliyinin, həqiqət və irfan yolunun əks olunduğunu bildiriblər.

 

Fransadan gələn rəssam Levan Moisaşvili çıxışında gənc rəssamın əsərlərinin saflıqdan yarandığını bildirib: "Mən hər an ona dəstək olmağa hazıram”.

 

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, həmçinin Türkiyənin Gürcüstandakı səfiri Ləvənd Gümrükçü rəssamın bir neçə əsərini alacaqlarını bildiriblər.

 

Gürcüstanın Barışıq və Vətəndaş məsələləri üzrə dövlət naziri Paata Zakareişvili rəsm əsərlərini yüksək dəyərləndirib: "Bu əsərlər yaddaqalan, sevindirici, həmçinin düşündürən əsərlərdir. Həmvətənimizin sərgisindən qürur duyuruq. O, İslam mədəniyyətini təbliğ edir. İslam mədəniyyəti böyük və müasirdir”.

 

Tədbirdə çıxış edən rəssam Hacı Rizvan İsmayılov iki gün bundan əvvəl Tiflisdə baş verən təbii fəlakət zamanı həlak olan insanların ailələrinə və yaxınlığına başsağlığı verib və tədbiri təşkil edənlərə minnətdarlığını ifadə edib.

 

Qeyd edək ki, sərgidə rəssamın 73 rəsm əsəri nümayiş olunub. Sərgi daha iki gün davam edəcək.

 

Tədbirdə diplomatik korpus nümayəndələri, ziyalılar, din xadimləri, Tiflis sakinləri və gənclər iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR