Bakı. Cavid Zeynalov - APA. SSRİ və Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun xatirəsi Fransanın paytaxtı Parisdə yad edilib.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, nazirlik tərəfindən təşkil olunan mərasimdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Toğrul Nərimanbəyovun ailə üzvləri, fırça ustasının sənətinin pərəstişkarları iştirak ediblər.
Anıma mərasimindən rəssamın Parisin Passi məzarlığındakı qəbri önünə Azərbaycan hökuməti adından əklil qoyulub. Sonra Azərbaycan Mədəniyyət Mərkəzində anım mərasimi keçirilib.
Azərbaycanın Fransadakı səfirliyinin müşaviri Elmar Məmmədov çıxış edərək, rəssamın ömür yolundan, ailə şəcərəsindən söz açıb, sənətkarın ulu babalarının əslən Azərbaycanın Şuşa şəhərindən olduqlarını, yaşadıqları dövrlərin məşhur şəxsiyyətləri kimi tanındıqlarını bildirib.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxışında Toğrul Nərimanbəyovun Azərbaycanın tanınmış ziyalı ailəsində dünyaya gəldiyini, Vətəninə vurğunluğunun əsərlərində əksini tapdığını diqqətə çatdırıb.
Fransanın Azərbaycandakı ilk səfiri Jan Perren isə rəssamla bağlı xatirələrini bölüşüb, Toğrul Nərimanbəyovun əsərlərinin nəinki doğma vətəni Azərbaycanda, habelə anasının vətəni Fransada müəllifinə böyük şöhrət qazandırdığını qeyd edib.
Rəssamın qızı Əsmər Nərimanbəyova tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Qeyd edək ki, 1930-cu ildə Bakıda anadan olan Toğrul Nərimanbəyov ötən il iyunun 2-də Fransada dünyasını dəyişib və Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında dəfn olunub.