Bakı. Cavid Zeynalov – APA. Üzeyir Hacıbəylinin ev muzeyində 18 sentyabr - Milli Musiqi Gününə həsr olunan tədbir keçirilib.
APA-nın məlumatına görə, musiqişünasların, ziyalıların iştirak etdiyi tədbirdə Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəyli ilə bağlı xatirələr dinlənilib, musiqi parçaları ifa olunub.
Sənətşünas, professor Telman Əliyev Üzeyir Hacıbəylinin Azərbaycan musiqisindəki rolundan, xidmətlərindən danışıb: “Üzeyir bəy akademik və SSRİ xalq artisti idi. Amma heç vaxt onun adının qarşısına bu adlar yazılmayıb. Sadəcə, Üzeyir bəy, yaxud bəstəkar Üzeyir Hacıbəyli yazılır, deyilir. Bu adlar onun ən böyük qazancı, qiymətidir. Üzeyir bəy həm də gözəl publisist idi və mən onun yazılarını Mirzə Cəlilin yazılarından zəif hesab etmirəm. O, həm alim, həm də bizim musiqişünaslıq elmimizin akademiyası idi”.
“Üzeyir töhfələri” kitabının müəllifi, yazıçı-publisist Əminə Tuncay Üzeyir Hacıbəylini tarixin Azərbaycan üçün bəxş etdiyi mücahid və fədai kimi dəyərləndirib. Əminə Tuncay qeyd edib ki, o, şəxsiyyət və cəsarət nümunəsi kimi Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq, yad olunacaq.
Üzeyir Hacıbəylinin bacısı Sayad xanım Hacıbəylinin nəticəsi Gülzar İbrahimova, musiqişünas Fərəh Əliyeva, Üzeyir Hacıbəylinin ev muzeyinin əməkdaşı Gülnarə Ələsgərova və başqaları bəstəkarın xatirə günü haqqında fikirlərini bölüşüblər.
Tədbirdə “Buta” İnstrumental kamera xoru, Xalq Çalğı Alətləri Ansamblının üzvləri, gənc ifaçı Atabəy İsmayılov müxtəlif musiqi nümunələri ilə çıxış ediblər.