Bakı – APA. Mayın 31-də 55-ci Ümumdünya təsviri incəsənət sərgisi - Venesiya Biennalesi çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan pavilyonunun rəsmi açılış mərasimi olub.
APA-nın “AzərTac” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva da mərasimdə iştirak ediblər.
Venesiya Biennalesi bütün incəsənət xadimləri və həvəskarları üçün səbirsizliklə gözlənilən hadisədir. Çünki bu, dünyanın çağdaş incəsənətində ən nüfuzlu və mötəbər sərgi-aksiya hesab olunur.
Noyabra qədər davam edəcək sərgidə onlarla ölkə öz pavilyonunu təqdim edir. Azərbaycan pavilyonu da şəhərin ən izdihamlı məkanlarının birində - Kampo Santo Stefanodakı XIV əsrə aid Lezze Sarayında yerləşir. Builki pavilyon “Ornamentlər” devizi altında təqdim olunur. Çünki Azərbaycan ornamentlərini xalqımızın bədii əlifbası adlandırırlar.
Tədbirin açılışında çıxış edən L. Əliyeva Venesiya kimi gözəl şəhərə zəngin mədəniyyətimizin bir parçasını gətirməkdən şad olduğunu deyib. Azərbaycanın zəngin mədəniyyəti və qədim tarixi ilə tanındığını vurğulayan Heydər Əliyev Fondunun vitse-prezidenti tarixi İpək Yolu üzərində yerləşən, Şərqlə Qərb arasında hər zaman körpü olan Azərbaycanın bu ruhunu indi də saxladığını diqqətə çatdırıb: “Azərbaycan həmişə bir çox dinin, mədəniyyətin və millətin evi olub. Paytaxtımız Bakı bu gün dünyanın ən kosmopoliten şəhərlərindən birinə çevrilir: Zaha Hadidin memarlıq əsərindən tutmuş Müasir İncəsənət Muzeyi, Xalça Muzeyi və “Alov qüllələri”nə qədər. Düşünürəm ki, Şərqlə Qərbin, qədimlə müasirliyin bu sintezi bizim incəsənətimizdə yetərincə əksini tapır. Özünüz də bunun burada şahidi olacaqsınız. Çünki incəsənət həmişə bizim mədəniyyətimizin mühüm hissəsi olub. İndi demək olar ki, hər ay ölkəmizdə heyrətləndirici incəsənət tədbirləri keçirilir”.
Sərginin kuratoru Erve Mikaeloff Azərbaycanda müasir incəsənətinin inkişafına böyük dəyər verildiyini bildirib, bu sahədə layihələrə göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna minnətdarlıq edib.
Artıq dördüncü dəfədir Venesiya Biennalisinə qatılan Azərbaycanı budəfəki sənət nümayişində altı rəssam təmsil edir. Qobustan qayaüstü rəsmləri də pavilyonda yer alıb.
55-ci dəfə keçirilən Biennaledə heykəltəraşlıq işlərindən, rəsm və instalyasiyalardan tutmuş, müasir incəsənətin bütün növlərinə qədər hər bir sənət növünə rast gəlmək mümkündür.
Günün sonunda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından ziyafət verilib.