Bakı. Xanım Nağıyeva-APA Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq artisti Əli Zeynalovun 100 illik yubileyi keçirilib. APA-nın məlumatına görə, yubileydə aktyorlar, teatrşünaslar, sənətsevərlər və aktyorun yaxınları iştirak ediblər.
Çıxış edən teatrşünas Vidadi Qafarov aktyorun həyat və yaradıcılıq fəaliyyəti haqqında məlumat verib.
Kinoşünas Aydın Dadaşov aktyorun kino sahəsindəki fəaliyyətindən danışıb. Aktyorun kinoya “Kölgələr sürünür” filmi ilə gəldiyini deyən kinoşünas Əli Zeynalovun unudulmaz rollar yaratdığını deyib.
Xalq artisti Amalya Pənahova "Sən həmişə mənimləsən" filmində Əli Zeynalovla tərəf-müqabil olduğunu xatırladıb. O, aktyorun yaradıcılığının Azərbaycanın kino və teatr tarixinə qızıl hərflərlə yazılığını deyib. Amaliya Pənahova həmçinin aktyorun həyat yoldaşı, aktrisa Mirvari Novruzova ilə bağlı xatirələrini də bölüşüb.
Yubiley mərasimində aktyorun çəkildiyi filmlərdən müxtəlif fraqmentlər nümayiş olunub.
Qeyd edək ki, Əli Yusif oğlu Zeynalov 1913-cü ildə Salyanda anadan olub. Atası Yusif Zeynalov (1887-1965) ilk əlifba kitabının müəllifidir. Əli Zeynalov öz atasının yolunu davam etdirib, pedaqoji təhsil alıb. Aktyorluğa marağı böyük olduğundan müxtəlif dərnəklərə üz tutub. 1928-ci ildə Biləsuvar kənd cavanlarının hazırladığı "Şeyda" tamaşasında baş rolu ilə çoxlarının rəğbətini qazanıb. Aktyor Şəki Dövlət Dram Teatrında, İrəvan Dövlət Dram Teatrında (1934-1935), Akademik Dövlət Dram Teatrında (1945-1975) işləyib. Əli Zeynalovun uzun illər rejissor Tofiq Kazımovla fəal yaradıcılıq əlaqəsi ona sənət uğurları gətirib. İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesində bu iki sənətkar – quruluşçu rejissor Tofiq Kazımov və Həsənzadə rolunun ifaçısı Əli Zeynalov böyük uğur əldə ediblər. Aktyor “Axşam konserti”, “Aygün”, “Bir qalanın sirri”, “Sən həmişə mənimləsən” və s. filmlərə çəkilib.
O, Azərbaycan xalq artisti (1964), adına layiq görülüb, M.F. Axundov adına Respublika Mükafatının laureatıdır (1965).