Bakı. Cavid Zeynalov – APA. İ. Əbilov adına Mədəniyyət mərkəzində xalq artisti, rejissor Tofiq Kazımovun 90 illik yubileyinə həsr olunan anım tədbiri keçirilib. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən APA-ya verilən məlumata görə, tədbirdə xalq artistləri Ağakişi Kazımov, Azər Paşa Nemətov, Hacı İsmayılov, Ramiz Məlik və başqaları iştirak ediblər. Anım tədbirində çıxış edənlər Tofiq Kazımovun həyatı, yaradıcılığı haqqında çıxış edərək onunla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
İdarədən bildiriblər ki, xatirə tədbirində “Oğuzlar” xalq çalğı alətləri xalq ansamblı konsert proqramı ilə çıxış edib.
Qeyd edək ki, Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması Tofiq Kazımovun adı ilə bağlıdır. T. Kazımov 1923-cü il yanvarın 14-də Bakıda anadan olub. Uilyam Şekspirin "Antoni və Kleopatra", Anarın "Şəhərin yay günləri" tamaşalarına görə dövlət mükafatları ilə təltif olunub. Akademik Milli Dram teatrında baş rejissor kimi Şekspirin "Hamlet", İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", Cəlil Məmmədquluzadənin "Ölülər", Cəfər Cabbarlının "Aydın", Məmməd Səid Ordubadinin "Qılınc və qələm", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu” və s. əsərləri tamaşaya hazırlayıb. Tofiq Kazımov 1980-ci ildə Bakıda vəfat edib, məzarı ikinci fəxri xiyabandadır.