Bakı. Cavid Zeynallı - APA. Fevralın 13-də əməkdar artist Yaqub Zurufçunun Üzeyir Hacıbəyliyə həsr etdiyi “İthaf” albomunun təqdimat mərasimi keçiriləcək. Y. Zurufçunun APA-ya verdiyi məlumata görə, albomda 16 əsər yer alıb: “Əsərlər simfonik orkestrin müşayiəti ilə Los-Ancelesdə lentə alınıb. Albom diskdən və nəfis tərtib olunmuş 25 səhifəlik kitabçadan ibarətdir. Kitabçada Üzeyir bəyin yaradıcılığına qısa səyahət, həmçinin əsərlərin müəllifləri və mətnləri qeyd olunub. Bu albomda Azərbaycanın böyük bəstəkarlarının əsərlərini, daha dəqiq desək, Üzeyir bəyin “Koroğlu”, “Arşın mal alan” operalarından ariyalar, Niyazi, Fikrət Əmirov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Cahangir Cahangirov və başqa böyük bəstəkarlarımızın əsərlərini ifa etmişəm”.