Bakı. Viktoriya Dementyeva – APA. Miniatür Kitab Muzeyinin direktoru, Azərbaycan Kitab Cəmiyyətinin sədri, əməkdar incəsənət xadimi Zərifə Salahova Rusiyanın “Dostluq və əməkdaşlığa görə” şərəf medalı ilə təltif olunub. APA-nın xəbərinə görə, Rusiyanın beynəlxalq əməkdaşlıq və xaricdə yaşayan soydaşların işləri üzrə Federal Agentliyinin verdiyi medalı təqdim edən “Rossotrudniçestvo”nun Azərbaycan nümayəndəliyinin rəhbəri Valentin Denisov Z. Salahovanın sözün və ümumiyyətlə, Azərbaycan və rus dillərinin qorunub saxlanılmasında rolunu yüksək qiymətləndirib.
Rusiya səfiri V. Doroxin S. Salahovaya muzey direktoru kimi göstərdiyi fəaliyyətlə əlaqədar təşəkkür edərək qeyd edib ki, muzeyin təşəbbüsləri iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə töhfə verir.
Tədbirdə Rusiya səfirliyinin, “Rossotrudniçestvo” təşkilatının nümayəndələri, mədəniyyət xadimləri, gənclər təşkilatlarının təmsilçiləri iştirak edib.