Azərbaycanda neft və qeyri-filiz yataqları tullantılarının ətraf mühitə təsirinin azaldılması üçün yeni texnologiya təklif edilir

Azərbaycanda neft və qeyri-filiz yataqları tullantılarının ətraf mühitə təsirinin azaldılması üçün yeni texnologiya təklif edilir
# 30 aprel 2014 15:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda 3800-ə yaxın neft quyusu mövcuddur və bunların 2300-dən çoxu fəaliyyətdədir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bunu Geologiya İnstitutunun texnika üzrə elmlər doktoru, professor Mirəli Alosmanov Yer elmləri sahəsi üzrə ümumrespublika elmi seminarında “Faydalı qazıntı yataqları (neft və qeyri-filiz) tullantılarının istifadəsi və ətraf mühitə təsirinin azaldılmasının yeni texnologiyası” mövzusunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, neft quyusunun qazılması zamanı təxminən 100 tona yaxın şlam və ildə ümumən 100 min tona yaxın lay suyu yerin təkindən çıxarılaraq yer səthində paylanır. O bildirib ki, şlam və lay suları litosferin üst hissəsində landşaftı dəyişməklə yanaşı, aerasiya zonasındakı yeraltı suların çirklənərək rejimlərinin dəyişməsinə də səbəb olur.

Kimya sənayesinin bəzi tullantılarının Sumqayıt şəhərində mühiti çirkləndirən amillərdən olduğunu bildirən M.Alosmanov maye, qaz toz və bərk halda ola bilən bu çirkləndiricilərin həm də insan sağlamlığı üçün təhlükəli olduğunu vurğulayıb. M.Alosmanov tərkibində torpaq və bitki üçün qidaverici element və birləşmələr (fosfor, azot, kalium) olan bu tullantıların müəyyən texnologiya ilə emalından gübrə hazırlanması üçün xammal alınmasının mümkünlüyünü ifadə edib: “Bunun nəticəsində neft quyularından çıxarılan şlam, ammonium sulfat tullantıları və gildən texnoloji prosesdə istifadə olunmaqla gübrə hazırlanması üçün yeni xammal əldə olunur, tullantılarla çirklənmiş ərazilər təmizlənərək mühitə yönələn antropogen yüklənmə azaldılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR