Türkdilli ölkələrin diaspor rəhbərləri Bakıda toplaşacaq

 Türkdilli ölkələrin diaspor rəhbərləri Bakıda toplaşacaq
# 18 iyun 2013 14:52 (UTC +04:00)

Bakı – APA. İyunun 21-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, foruma dünyanın 44 ölkəsindən 500-ə yaxın nümayəndə dəvət edilib. Onların əksəriyyəti Azərbaycan, türk, qazax və qırğız diaspor təşkilatlarının rəhbərləri və təmsilçiləridir.

Forumda diaspor nümayəndələri ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət və hökumət strukturları, qeyri-hökumət təşkilatları, elm, mədəniyyət və digər yaradıcı qurumlarından nümayəndələr qonaq qismində iştirak edəcək. Onların arasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov, Ümumdünya Qazaxlar Assosiasiyasının İdarə Heyəti sədrinin birinci müavini Talqat Mamaşov, Qırğızıstanın əmək, miqrasiya və gənclər naziri Alisbek Alımkulov, Türkiyə Nazirlər Kabineti yanında Xaricdə yaşayan Türklər və Əqraba İcmaları Departamentinin sədri Kemal Yurtnaç, Türkiyə baş nazirinin müşaviri Sadəttin Kılıç, Beynəlxalq Türk Akademiyasının rektoru Şakimaşrip İbrayev və digər rəsmi şəxslərin iştirakı gözlənilir.

Forumda türkdilli ölkələrin diaspor təşkilatları arasında əməkdaşlığın istiqamətləri, türk dünyasının problemlərinin həlli sahəsində birgə fəaliyyət perspektivləri ilə bağlı fikir mübadiləsi aparılacaq, bu il mayın 14-də Ankarada imzalanmış “Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası”nın həyata keçirilməsi məsələləri müzakirə ediləcək.

Bir gün davam edəcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu Bakı Bəyannaməsinin qəbulu ilə yekunlaşacaq.

Forumdan əvvəl qonaqlar Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, daha sonra isə Şəhidlər Xiyabanı və Türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edəcəklər. Forumun rəsmi açılış mərasimi saat 10.00-da “Gülüstan” sarayında baş tutacaq. Tədbirin sonunda Azərbaycan, Türkiyə və Qazaxıstan incəsənət ustalarının çıxışı planlaşdırılıb.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumunun Azərbaycanın paytaxtında keçirilməsi Şuranın bu ilin yanvarında elə Bakıda baş tutan ilk iclasında qərara alınıb. Daha sonra isə təmas qrupunun Ankarada keçirdiyi görüşlərdə forumun detalları dəqiqləşdirilib.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR