İran kürdləri yeni siyasi təşkilat yaradıb

İran kürdləri yeni siyasi təşkilat yaradıb
# 07 may 2014 11:58 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran kürdləri yeni siyasi təşkilat yaradıb. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, qurum PKK terror təşkilatının İran qolu sayılan Kürdüstan Azad Həyat Partiyasının (PEJAK) əsasında təsis edilib.

Yeni siyasi təşkilat Kürdüstanın Şərqində Demokratik və Azad Cəmiyyət Təşkilatı (KODAR) adlanır və qurumun rəhbəri də PEJAK üzvü Rizan Cavid seçilib. O bununla bağlı mayın 5-də İraqın şimalındakı Qəndil dağında yerləşən Xoran kəndində, PEJAK bazasında keçirdiyi mətbuat konfransında bildirib ki, İran hökuməti ilə silahlı mübarizə əvəzinə danışıqlar aparmağa hazırdırlar: “KODAR üzvlərinin əksəriyyəti PEJAK-da silahlı mübarizə aparmış şəxslərdir. PEJAK-ın qalan üzvləri də növbəti bir neçə gün ərzində yeni yaranmış təşkilata qoşulub-qoşulmayacaqları ilə bağlı mövqelərini ortaya qoyacaqlar”.

R.Cavid deyib ki, KODAR İranla problemləri danışıqlar yolu ilə həll etməyə çalışacaq: “Ancaq bu İranla danışıqlara başladığımız mənasına gəlmir, ancaq biz dialoqa inanırıq. PEJAK-ın İran rəsmiləri ilə danışıqlara başlamaq barədə indiyədək etdiyi müraciətlər cavabsız qalıb. Biz İranla danışıqlara hazırıq”.

Qeyd edək ki, İran və ABŞ PEJAK-ı terrorçu təşkilat kimi tanıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR