Gəncədə oğurluq edən dəstə üzvləri saxlanılıb

Gəncədə oğurluq edən dəstə üzvləri saxlanılıb
# 29 may 2014 15:30 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə oğurluqla məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, dəstə üzvləri son bir neçə ay ərzində şəhər ərazisindəki mağazalardan oğurluqlar ediblər.

Polisdən bildirilib ki, Gəncə sakini Yunis Cəfərli Polis İdarəsinə müraciət edərək ona məxsus olan, şəhərin Sadili qəsəbəsində yerləşən mağazadan oğurluq edildiyini deyib. Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, mağazadan oğurluq edən şəxslər şəhər sakinləri 23 yaşlı Fuad Rəhimov, 19 yaşlı Qurban Sadıqov və 19 yaşlı Salatın Hüseynovadır. Onların ətrafında aparılan yoxlamalar zamanı məlum olub ki, dəstə üzvləri müxtəlif vaxtlarda şəhərin bir çox mağazalarında oğurluqlar törədiblər. Həmçinin onların daha bir nəfər cinayət yoldaşları da varmış. Bu 22 yaşlı Alim Ələsgərovdur. Hazırda onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Məlumata görə, saxlanılan şəxslərdən Fuad Rəhimov və Qurban Sadıqov gənc olmalarına baxmayaraq, əvvəllər oğurluq etdiklərinə görə 2 dəfə məhkumluq həyatı yaşayıblar. Hazırda Gəncə şəhər Baş Polis İdarəsində dəstə üzvlərinin digər cinayət əməllərində iştiraklarının olub-olmamasını və ziyan çəkənlərin sayının müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Faktla bağlı cinayət işi açılıb. Araşdırma gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR