Kanadada 28 May – Respublika günü münasibətilə təntənəli ziyafət təşkil edilib

Kanadada 28 May – Respublika günü münasibətilə təntənəli ziyafət təşkil edilib
# 27 may 2015 00:54 (UTC +04:00)

Bakı-APA. Mayın 25-də Azərbaycanın Kanadadakı səfirliyi tərəfindən Kanadanın paytaxtı Ottava şəhərində “Fairmont” mehmanxanasında 28 May – Respublika günü münasibətilə təntənəli ziyafət təşkil edilib.

Səfirlikdən APA-ya verilən xəbərə görə, tədbirdə Kanadanın sabiq baş naziri Jan Kretyen (Jean Chretien), Kanada Parlamenti İcmalar Palatasının üzvləri, senatorlar, Kanada Xarici İşlər, Ticarət və İnkişaf Departamentinin yüksək vəzifəli rəsmiləri, digər dövlət qurumlarının təmsilçiləri, Ottavada akkreditə olunmuş diplomatik korpus nümayəndələri, eləcə də Ottava və Monreal şəhərlərində yaşayan Azərbaycan icması iştirak edib.

Ziyafətdə açılış nitqi ilə çıxış edən Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli Respublika gününün tarixçəsi barədə iştirakçıları məlumatlandırıb.

R.Hüseynli, həmçinin Azərbaycan-Kanada ikitərəfli münasibətlərinə toxunaraq, ölkəmizin bu münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu və bu məqsədlə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Daha sonra Kanada Parlamenti İcmalar Palatası spikerinin müavini və Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Bari Devolin (Barry Devolin) çıxış edib. O, çıxışında Azərbaycana səfərlərinə toxunaraq, son belə səfəri bu ilin may ayında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak üçün etdiyini bildirib. O, həmin Forumda dünyanın müxtəlif ölkələri və dini təriqətlərinin nümayəndələrinin yer aldığını söyləyərək, Azərbaycanın mədəniyyətlər və sivizilizasiyaların qovşağında yerləşən ölkə olaraq, bu kimi tədbirin keçirilməsi üçün tam uyğun məkan olduğunu vurğulayıb. O, Azərbaycanı Kanada üçün önəmli tərəfdaş adlandırıb və Azərbaycan xalqını və dövlətini Respublika günü münasibətilə təbrik edib.

Tədbir zamanı, həmçinin “İrs” jurnalları və bu ilin iyununda Bakıda keçiriləcək Avropa oyunlarını təbliğ edən məlumat kitabçaları qonaqlara paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR