Baş Prokurorluq yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb

Baş Prokurorluq yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb
# 05 fevral 2013 13:59 (UTC +04:00)

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində korrupsiya və rüşvətxorluq halları ilə üzləşmiş vətəndaşların müraciətlərinin təxirə salınmadan araşdırılması və preventiv tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Salyan rayon sakini Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət edərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan rayon şöbəsinin müdiri Quliyev Oqtay Tapdıq oğlunun evinin yaxınlığında yerləşən 0,15 ha torpaq sahəsinin ayrılması və bununla əlaqədar zəruri sənədlərin hazırlanması üçün ondan 10 min manat məbləğində rüşvət tələb etdiyini bildirib.

İdarənin əməkdaşları tərəfindən 4 fevral 2013-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Oqtay Quliyev qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi şöbənin baş məsləhətçisi Yusif Dadaşovla şöbənin inzibati binasında, xidməti otağında həmin pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Şöbə müdirinin xidməti otağına keçirilmiş baxış zamanı rüşvət kimi alınmış 10 min manat pul və Salyan şəhər sakininin şəxsiyyət vəsiqəsi maddi sübut kimi hal şahidlərinin iştirakı ilə aşkar edilərək götürülüb.

Fakta görə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü (rüşvət alma) maddələri ilə cinayət işi başlanmışdır. Oqtay Quliyev və Yusif Dadaşov təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR