APA-nın Gürcüstan bürosunun məlumatına görə, Avropa İttifaqının təşkilatçılığı ilə təşkil edilən tədbirdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili giriş sözü ilə çıxış edib.
Baş nazir çıxışında Gürcüstanın Avropa qarşısında götürdüyü öhdəliklərdən, ölkədə yaradılan yeni texnologiyalardan və vətəndaşlar üçün təşkil olunan yüksək xidmət mədəniyyətindən danışıb. Hökumətin başçısı həmçinin böyük şəhərlərdə sosial-mədəni işlərdən başqa, elektron kitabxana, pulsuz internet şəbəkəsinə çıxış, kompüter və kosmik rabitə yaradıldığını deyib. İ.Qaribaşvili internetdən çıxmamaqla vətəndaşlarla dövlət mexanizmi arasında sadələşdirilmiş əlaqələr daxil olan 70-dən çox xidmət növü olduğunu qeyd edib.
Nazir çıxışında Gürcüstanın Milli Fəaliyyət Planı da qəbul etdiyini bildirib. Gürcüstanın baş naziri ölkəsinin ötən il Avropa İttifaqı ilə assosiasiya haqqında tarixi müqavilə imzaladığını bildirib və Avropanın Gürcüstanda real demokratiyanın qurulması üçün dəstək olacağına inandığını qeyd edib.
Tədbirdə Gürcüstan parlamentinin sədri David Usupaşvili, ədliyyə naziri Tea Tsulukiani, Gürcüstan Ali Məhkəməsinin sədri Nino Qvenetadze, Fransa dövlət katibi Thierry Mandon və başqaları çıxış edərək islahatlar və dövlət qulluğu haqqında fikirlər səsləndiriblər.
Tədbirdə ABŞ, Böyük Britaniya, Ukrayna, Türkiyə, Slovakiya, Serbiya, Rumıniya, Norveç, Hollandiya, Çernoqoriya, Malta, İordaniya, İrlandiya, Macarıstan, Çexiya, Xorvatiya Bolqarıstan, Azərbaycan, Ermənistan və digər ölkələrin nümayəndə heyətləri və diplomatik korpus rəhbərləri, həmçinin beynəlxalq təşkilatlar iştirak edir.