Uruqvayın xarici işlər naziri: “Uruqvay ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlara dəstək verir və münaqişənin sülh yolu ilə həllinə tərəfdardır”

Uruqvayın xarici işlər naziri: “Uruqvay ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlara dəstək verir və münaqişənin sülh yolu ilə həllinə tərəfdardır”
# 25 may 2012 08:43 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin APA-ya verdiyi məlumatına görə, bu sözləri Uruqvayın xarici işlər naziri Luis Almaqro Azərbaycanın Argentinada, eyni zamanda Uruqvaydakı səfiri Məmməd Əhmədzadə ilə görüşündə deyib.

E. Abdullayev deyib ki, səfir Məmməd Əhmədzadə Montevideoya səfər edərək Uruqvayın xarici işlər naziri Luis Almaqro ilə görüş keçirib. Görüşdə iki ölkə arasında münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, xüsusilə də siyasi dialoqun davam etdirilməsi, ikitərəfli müqavilə-hüquq bazasının inkişaf etdirilməsi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığının təşviqi razılaşdırılıb. Görüşdə regional məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ətrafında da fikir mübadiləsi aparılıb. Nazir L. Almaqro ölkəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesinə dəstək verdiyini və münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib. M. Əhmədzadə isə beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlər, hazırkı danışıqlar prosesi və nizamlanmaya dair Azərbaycanın mövqeyi haqqında ətraflı məlumat verib.

Xatırladaq ki, Ermənistan mətbuatı Uruqvayın xarici işlər naziri Luis Almaqronun İrəvanda səfərdə olarkən “Dağlıq Qarabağ münaqişəsinin xalqların öz müqəddəratını təyinetmə prinsipi əsasında həllinə tərəfdarıq” bəyanatını səsləndirməsi barədə xəbər yayıb. Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın Argentinadakı səfirliyinə Ermənistan mətbuatının yaydığı bu məlumatı araşdırmaq barədə tapşırıq verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR