Bakı Ali Neft Məktəbinin diplomları bütün dünyada tanınacaq

Bakı Ali Neft Məktəbinin diplomları bütün dünyada tanınacaq
# 15 sentyabr 2012 08:23 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu ali məktəb neft mütəxəssislərini hazırlanması sahəsində dünya liderlərindən biri olan Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq şəraitində yaradılıb və məktəbdə tədris prosesi adı çəkilən universitetin standartları ilə aparılacaq.

Mərasimdə çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib ki, hələ 6 il əvvəl ARDNŞ xarici ölkələrdə layihələr həyata keçirməyə başlayanda yüksək səviyyəli mütəxəssis qıtlığı ilə üzləşib: «Beynəlxalq layihələrin həyata keçirilməsində əsas problem maliyyə məsələləri ilə yox, lazımi kadrların olması ilə bağlıdır. Kadr qıtlığını aradan qaldırmaq üçün dövlət başçısının tapşırığı ilə yüksək səviyyəli neft mütəxəssisləri hazırlayan məktəbin yaradılması qərara alındı».

R.Abdullayevin sözlərinə görə, hazırda ARDNŞ-in xarici layihələrində yerli şirkətlər azlıq təşkil edir. Bunun səbəbi yüksək səviyyəli yerli mütəxəssislərin azlığı və layihələrin həyata keçirildiyi ölkələrin işçi qüvvəsi ilə bağlı tələblərdir: «Layihələrin həyata keçirildiyi dövlətlər, o cümlədən İsveçrə, Rumıniya və başqaları bu layihələrdə yerli vətəndaşların iştirakını tələb edirlər. Bu vəzifəyə yerli vətəndaş yox, Azərbaycan vətəndaşı qoymaq üçün isbat etməlisən ki, bu mütəxəssis yüksək səviyyəlidir və buna şirkətin ehtiyacı var. Ona görə də biz yüksək səviyyəli mütəxəssislər yetişdirməliyik ki, xarici layihələri həyata keçirəndə o işləri öz mütəxəssislərimizə həvalə edək». Belə mütəxəssislərin xaricdə hazırlanmasının baha başa gəldiyini etiraf edən ARDNŞ rəhbəri ümid etdiyini bildirib ki, Bakı Ali Neft Məktəbinin fəaliyyətə başlaması bu problemin həllinə kömək edəcək.

Bakı Ali Neft Məktəbi tələbələrinin praktiki hazırlığını təşkil etmək üçün Bibiheybət ərazisində məktəbin xüsusi bazası da yaradılacaq: «Bu tələbələr Bibiheybətdə bütün neft istehsalı prosesi ilə məşğul olacaq, hətta bundan gəlir götürəcəklər».

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, bu il ali məktəbə 122 tələbə qəbul olunub, onların da 114-ü 600-dən yüksək bal toplayıb. Məktəbdə təhsil üçün yüksək şərait yaradıldığını bildirən rektor tələbələri əmin edib ki, onlar Bakı Ali Məktəbinə üz tutmaqla ən düzgün seçim ediblər.

Qeyd edək ki, məktəbi bitirən məzunlar iki diplom - həm Bakı Ali Neft Məktəbinin həm də Böyük Britaniyanın Heriot-Vatt Universitetinin diplomlarını alacaqlar. Bakı Ali Məktəbində tədris üçün yaradılan şəraitdən tamamilə razı qaldığını bildirən Heriot-Vatt Universitetinin rektoru Stiv Çapman deyib ki, rəhbərlik etdiyi universitet tələbə hazırlığının səviyyəsi ilə bağlı Bakı Ali Neft Məktəbinin menecmentinə tamamilə etibar edir: «Ali təhsilin yüksək səviyyəsi bizim üçün çox vacib olduğuna görə əminik ki, burada keyfiyyətə nəzarət çox yüksək səviyyədə olacaq».

S.Çapman bildirib ki, Ali Neft Məktəbinin tələbələri də Heriot-Vatt Universitetinin məzunları kimi təkcə Azərbaycanda yox, dünyanın digər ölkələrindəki layihələrdə də işləyə biləcəklər. Onun sözlərinə görə, tədris prosesində iki ali məktəb arasında ciddi əməkdaşlıq, o cümlədən müəllimlərin və tələbələrin mübadiləsi planlaşdırılır. Tədris prosesində tələbələrin imtahanları Heriot-Vatt Universitetindəki şəraitdə xarici müəllim və mütəxəssislər tərəfindən aparılacaq: «Tələbələrin qiymətləndirilməsini özümüz həyata keçirəcəyik və buna görə də diplomların tanınması ilə bağlı heç bir şübhə ola bilməz».

Qeyd edək ki, hazırda Bakı Ali Neft Məktəbində tədris iki ixtisas üzrə – neft və kimya mühəndisliyi üzrə aparılır. Gələcəkdə bu ixtisasların sayı artırıla bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR