Milli Məclisdə kadastr xidmətinin ləğvi təklif edilib

Milli Məclisdə kadastr xidmətinin ləğvi təklif edilib
# 07 fevral 2012 12:35 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın - Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin illik məruzəsi müzakirə olunub.
Mərkəzin rəisi Mehdi Səlimzadə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi haqda məlumat verib. O deyib ki, bələdiyyələrə metodoloji yardımın yaxşılaşdırılması, bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi üzrə ardıcıl tədbirlər həyata keçirilib, 2011-ci ildə bələdiyyə üzvləri və qulluqçuları üçün xeyli sayda ixtisasartırma kursları təşkil olunub, ümumən 4500-dən çox bələdiyyə üzvü maarifləndirici tədbirlərdə iştirak edib.
Daha sonra məruzə ətrafında müzakirələr aparılıb. Komitənin üzvü Qalib Salahzadə çıxışında bələdiyyələr tərəfindən verilən sənədlərin kadastr xidmətində tanınmamasını tənqid edib. O, kadastr xidmətinin ləğv olunması və bu qurumun səlahiyyətlərinin rayon icra hakimiyyətlərinə verilməsi təklifini irəli sürüb.
İclasda komitənin digər üzvləri Fəttah Heydərov, Fəzalil İbrahimli və başqaları da çıxış edərək hesabatla bağlı fikirlərini açıqlayıblar.
Sonda hesabat Milli Məclisin iclasında müzakirəyə tövsiyə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR