Bakı aeroportunda eksklüziv gözləmə zalı açılıb

Bakı aeroportunda eksklüziv gözləmə zalı açılıb
# 25 aprel 2012 08:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) Heydər Əliyev Beynəlxalq Aeroportunda eksklüziv gözləmə zalı açıb.

AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, AZAL-ın yalnız biznes-sinif sərnişinləri üçün nəzərdə tutulan yeni eksklüziv gözləmə zalı bu gündən etibarən Heydər Əliyev Beynəlxalq Aeroportunun Şimal Terminalında açılıb: «Sərnişinin zala daxil olmasından dərhal sonra onun gediş sənədləri, baqaj və əl yükünün rəsmiləşdirilməsi ilə bağlı bütün işlər artıq buradakı işçilərin məsuliyyəti altında olacaq. Sahəsi 215 kv. metr olan zalın işçi heyəti AZAL-ın 40 nəfər biznes-sinif sərnişininə eyni zamanda xidmət göstərə bilər».

Zalda sərnişinlərə sərinləşdirici içkilər və kokteyllər, geniş çeşiddə qəzet və jurnallar, televizor, Wi-Fi simsiz rabitə xidmətləri, qəlyanaltı (milli və Avropa mətbəxi), işgüzar danışıqlar aparmaq üçün otaq təklif olunur.

AZAL-ın yalnız biznes-sinif sərnişinləri həm yeni, eksklüziv gözləmə zalından, həm də pasport nəzarəti zonasından sonra yerləşən gözləmə zalından eyni zamanda istifadə edə bilər: «Bu zalda da sərnişinlər, xüsusilə biznes-sinif sərnişinləri üçün nəzərdə tutulan bütün rahatlıqdan istifadə edə bilər. Bura sərinləşdirici içkilər, kokteyllər, İsveç masası, yerli və xarici mətbuat, Wi-Fi simsiz internet rabitəsi daxildir».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR