Sabirabad sakini həmkəndliləri tərəfindən döyülərək qətlə yetirilib

Sabirabad sakini həmkəndliləri tərəfindən döyülərək qətlə yetirilib
# 09 sentyabr 2012 15:59 (UTC +04:00)
Hadisə sentyabrın 8-də saat 21.30 radələrində Sabirabadın Nizami kəndində olub. APA-nın Mil-Muğan bürosuna məlumatına görə, Nizami kənd sakini, 1980-ci il təvəllüdlü Kərimov Elşad Ağaqulu oğlu bir neçə həmkəndlisi tərəfindən döyülərək qətlə yetirilib.

Kənd sakinlərinin bildirdiyinə görə, boyun nahiyəsindən vurulan çomaq zərbəsindən sonra yerə yıxılan E. Kərimovu bir neçə nəfər döyüb. Daha sonra o, evə gedib, lakin halı pisləşdiyindən Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Hadisəyə Elşad Kərimovun həyat yoldaşının babası, 75 yaşlı Yadulla Tağıyevlə qonşular arasında olan ot tayası mübahisəsi səbəb olub. Belə ki, mübahisəyə müdaxilə edən Elşadı bir neçə nəfər - Nuriyev Amil Kamil oğlu və Nuriyev Rafiq Kamil oğlu qardaşları, onların övladları Vüsal, Emil, Rəhim və digər şəxslər döyüblər.

Sabirabad Rayon prokurorluğundan bildirilib ki, hadisə ilə əlaqədar artıq bir neçə nəfər saxlanıb. Hal-hazırda hadisədə iştirak edən şəxslər dindirilir. Meyitin ekspertizası aparılıb, yaxın vaxtlarda nəticələr bəlli olacaq.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, bu son on gündə Sabirabad rayonunda baş verən üçüncü qətl hadisəsidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR