Bu gün Almaniyanın Hamburq şəhərində Azərbaycan Hava Yolları (AZAL) üçün nəzərdə tutulan ilk “Airbus A321neo” təyyarəsinin təhvilvermə mərasimi keçirilib.
APA-nın Hamburqa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, mərasim "Airbus"un istehsal kompleksində təşkil olunub.
Tədbir iştirakçıların qarşılanması ilə başlayıb. Daha sonra təyyarənin təhvilvermə mərasimi keçirilib.
Mərasimdə "Airbus"un A320 proqramı üzrə icraçı vitse-prezidenti Kristof Zammert, Airbus-un Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə satış üzrə vitse-prezidenti Charbel Youzkatli, AerCap şirkətinin Avropa, Yaxın Şərq və Afrika regionu üzrə baş vitse-prezidenti Con Qovan, CFM şirkətinin Airbus proqramları üzrə baş meneceri Bruno Kastola və AZAL-ın Kommersiya direktoru Cəmil Manizadə çıxış ediblər.
Tədbir çərçivəsində “A321neo In-the-Making” adlı təqdimat videosu nümayəndələrə nümayiş etdirilib. Daha sonra tərəflər arasında xatirə hədiyyələrinin təqdim olunması mərasimi keçirilib.
Rəsmi hissədən sonra iştirakçılar təyyarə önündə xatirə şəkilləri çəkdirib, yeni A321neo təyyarəsinin salonu ilə tanış olublar.
Yeni təyyarəyə “Lənkəran” adı verilib.
Qeyd edək ki, AZAL üçün nəzərdə tutulan ilk A321neo təyyarəsi AerCap şirkətindən lizinq əsasında təhvil verilib. Yeni nəsil təyyarə yanacaq sərfiyyatının azlığı, ətraf mühitə təsirinin minimuma endirilməsi və sərnişin komfortunun artırılması ilə seçilir.