Azərbaycanda mikromaliyyə sektorunun inkişafı üzrə yeni strateji hədəflər müəyyənləşdirilir.
“APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov XII Azərbaycan Mikromaliyyə Konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, mikromaliyyə sektorunun inkişafına dair dövlət proqramında konkret və ölçülə bilən hədəflər nəzərdə tutulur. Belə ki, 2030-cu ilədək bank olmayan kredit təşkilatlarının (BOKT) aktivlərinin 1 milyard manatdan 1,5 milyard manata çatdırılması, kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxışının genişləndirilməsi, o cümlədən subsidiyalı kreditləşmənin artırılması planlaşdırılır.
A. Əmiraslanov bildirib ki, mikromaliyyə sektorunun inkişafı ölkənin sosial-iqtisadi siyasətində beş əsas strateji vəzifənin həyata keçirilməsinə xidmət edir. Bunlar dayanıqlı iqtisadi artımın təmin edilməsi, orta təbəqənin gücləndirilməsi, maliyyə bazarlarının dərinləşdirilməsi və maliyyə inklüzivliyinin artırılması, məşğulluğun genişləndirilməsi və yoxsulluğun azaldılması, eləcə də regionların sosial-iqtisadi inkişafıdır.
Komitə sədri qeyd edib ki, dayanıqlı iqtisadi artım iqtisadiyyatın şaxələndirilməsini, maliyyə mənbələrinin diversifikasiyasını və mikromaliyyə sektorunun iqtisadi artımda rolunun yüksəldilməsini tələb edir.
Onun sözlərinə görə, qarşıya qoyulan strateji vəzifələrin həyata keçirilməsi üçün yalnız mikrokreditlərin həcminin artırılması kifayət deyil. Bunun üçün bütövlükdə mikromaliyyə ekosisteminin səmərəli qurulması və institusional əsaslarının möhkəmləndirilməsi vacibdir.
A. Əmiraslanov vurğulayıb ki, mikromaliyyə sektorunun inkişafı ölkənin strateji sənədlərində də əksini tapır. Bu baxımdan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası və maliyyə inklüzivliyinin gücləndirilməsinə yönəlmiş təşəbbüslər xüsusi əhəmiyyət daşıyır.
O əlavə edib ki, mikromaliyyə sektorunun inkişafı keyfiyyətli qanunvericilik bazası ilə dəstəklənməlidir. Hüquqi tənzimləmə maliyyə sabitliyini, istehlakçı hüquqlarını və sağlam rəqabəti təmin etməklə yanaşı, innovasiyaların tətbiqinə və sahibkarlığın inkişafına şərait yaratmalıdır.