IBM Azərbaycanda nümayəndəlik açacaq

IBM Azərbaycanda nümayəndəlik açacaq
# 21 fevral 2013 12:45 (UTC +04:00)

Bu barədə «APA-Economics»ə açıqlamasında IBM şirkətinin Rusiya və MDB üzrə nümayəndəliyinin satış üzrə rəhbəri Sergey Tabulin məlumat verib.

Şirkətin bu məsələni tezliklə həll etmək niyyətində olmasına baxmayaraq, S.Tabulin nümayəndəliyin açılmasının konkret vaxtını bildirməyib.

«Azərbaycan bizim nümayəndəliyimizin açılması üçün prioritet ölkə sayılır və biz ölkə ilə əməkdaşlıq etməyə hazırıq. Hazırda yalnız bir neçə nəfərdən ibarət nümayəndəmiz şirkətin biznesinin inkişafı üzrə Azərbaycanda çalışır», - deyə S.Tabulin bildirib.

Qeyd edək ki, hazırda Rusiya ilə yanaşı, IBM-in Qazaxıstan və Özbəkistanda nümayəndəlikləri fəaliyyət göstərir. Eyni zamanda, şirkətin Ukraynada törəmə müəssisəsi mövcuddur.

S.Tabulin həmçinin bildirib ki, IBM Azərbaycanda turizm və telekommunikasiya kimi sahələrin inkişafına öz töhfəsini verə bilər: «İqtisadiyyatın bir sıra sahələri mövcuddur ki, onları təbii resurslardan asılı olmayaraq inkişaf etdirmək mümkündür. Bu, turizm sahəsidir, hansı ki, hazırda Azərbaycanda dinamik inkişaf edir və bu sahənin inkişafı üçün bir sıra həll və məhsullarımız mövcuddur. Bundan başqa, hazırda Azərbaycanın telekommunikasiya sektoru da sürətlə inkişaf edir – burada güclü rəqabət mövcuddur və dövlət tənzimləyicilərinin güclü iş gördüyü müşahidə olunur və IBM öz növbəmizdə bu sahəyə də bir sıra məhsulunu təklif edə bilər. Bununla yanaşı, Azərbaycanın dövlət sektorunda həyata keçirilən bir sıra dövlət proqramlarının icrası üçün də təkliflər, yeni texnologiyalar və məhsullarımız mövcuddur ki, bu da əhali ilə işin effektivliyini artıracaq».

Qeyd edək ki, hazırda Azərbaycanda IBM məhsullarının əsas sifarişçiləri Azərbaycan Beynəlxalq Bankı və «Azersun Holding»dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR