Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair Memoranduma qoşulan şirkətlərin sayı 32-yə çatıb

Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair Memoranduma qoşulan şirkətlərin sayı 32-yə çatıb
# 24 yanvar 2013 15:46 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda yeni fəaliyyətə başlayan «UGE-LANCER PTE» şirkəti Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə akt imzalayıb.

Azərbaycan Dövlət Neft Fondundan «APA-Economics»ə verilən məlumata görə, «Qoşulma Aktı»nı imzalamaqla sözügedən şirkət Memoranduma qoşulmuş digər şirkətlər kimi MHŞT üzrə 17-ci hesabatda 2012-ci il üzrə Azərbaycan hökumətinə ödənişləri barədə məlumat verəcək.

Qeyd edək ki, 2004-cü il noyabrın 24-də 21 yerli və xarici hasilat sənayesi şirkətləri, o cümlədən Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ), «BP-Azərbaycan», «Exxon», «Statoil», «Total», «Lukoil», «Chevron», «Shell», «Devon Enerji» kimi şirkətlər tərəfindən Memorandum imzalanıb. Sonradan digər yerli və xarici hasilat sənayesi şirkətləri həmin Memoranduma qoşulub və beləliklə, MHŞT-nin Azərbaycanda tətbiqinə dair Memorandumu imzalamış şirkətlərin sayı 32-yə çatıb.

Xatırladaq ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub və ölkə MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzv statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana «2009-cu il MHŞT mükafatı» təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR