Türkiyədə azərbaycanlı sənətkarın müəllifi olduğu heykəlin açılışı keçirilib - FOTO

Türkiyədə azərbaycanlı sənətkarın müəllifi olduğu heykəlin açılışı keçirilib - <font color=red>FOTO</font>
# 17 sentyabr 2012 09:59 (UTC +04:00)
Bakı – APA. Türkiyənin Çanaqqala şəhərindəki 18 Mart Universitetində Türkiyənin Dövlət Himninin sözlərini yazmış məşhur şair Mehmet Akif Ərsoyun heykəlinin açılış mərasimi olub. APA-nın Türkiyə bürosunun xəbərinə görə, heykəlin müəllifi 18 Mart Universiteti incəsənət fakültəsinin azərbaycanlı müəllimi Vahid Novruzovdur.

Açılış mərasimində çıxış edən Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay bildirib ki, Vahid Novruzovun yaratdığı Mehmet Akif Ərsoy heykəli İstiqlal Marşının sözlərini yazan şairin indiyə qədər Türkiyədə qoyulmuş ən böyük heykəlidir. Nazir V. Novruzova təşəkkür edərək deyib ki, nazirliyin sifarişi ilə azərbaycanlı sənətkar Mehmet Akif Ərsoyun yeni bir heykəli üzərində işləyir, bu yaxınlarda Çanaqqalanın mərkəzində o heykəlin də açılış mərasimi keçiriləcək.

Açılış mərasimindən sonra APA-ya açıqlama verən Vahid Novruzov bildirib ki, hündürlüyü 2,1 metr olan heykəlin üzərində təxminən 2 il işləyib: “Türkiyədə monumental tunc heykəlçilik ənənəsinin inkişaf etdirilməsində bu əsərlərin rolunun böyük olacağına inanıram. İstiqlal Marşının müəllifinin heykəlini yaratmaq mənim üçün qürurdur. Mehmet Akif Ərsoyun növbəti heykəlini də tamamlamaq üzrəyəm. İndiyə qədər Türkiyənin, Rusiyanın, Avropanın müxtəlif şəhərlərində rəsm və heykəl sərgilərində iştirak etmişəm. Mehmet Akif Ərsoyun heykəli mənim yaradıcılığımın önəmli məhək daşlarından biri sayıla bilər”.

Qeyd edək ki, 1965-ci ildə Tovuz rayonunda anadan olan Vahid Novruzov tanınmış rəssam Hafiz Məmmədovdan dərs alıb. 2001-ci ildən bəri Çanaqqala 18 Mart Universitetində plastik sənətlər dərsi deyən V. Novruzov Türkiyənin mədəniyyət dairələrində yaxşı tanınan sənətkardır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR