Maltada Azərbaycanın Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil edilib

Maltada Azərbaycanın Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil edilib
# 28 may 2012 16:12 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən 28 May – Respublika Günü münasibətilə Maltada rəsmi ziyafət təşkil edilib. Səfirlikdən APA-ya verilən məlumata görə, ziyafətdə Maltanın prezidenti Corc Abela, xarici işlər naziri Tonio Borg, parlament üzvləri, digər dövlət qurumları, biznes dairələri, elmi-tədqiqat mərkəzləri, yerli mətbuat orqanları, Maltada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və Maltada yaşayan azərbaycanlılar iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan səfir Vaqif Sadıqov Yaxın Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Demokratik Respublikasının yaranma tarixindən, mövcud olduğu qısa müddət ərzində fəaliyyətindən danışıb və ölkənin 71 il sonra yenidən müstəqilliyini bərpa edərək bu gün inamla inkişaf etdiyini söyləyib. Səfir Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini və 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün kimi öz torpaqlarından ayrı düşdüyünü xatırladaraq, bununla belə, bu gün ölkəmizin Qafqazın aparıcı dövlətinə çevrildiyini vurğulayıb.

Sonra Malta prezidenti Corc Abela çıxış edərək Maltada bu bayramın qeyd edilməsinin ikitərəfli əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib və bayram münasibətilə Azərbaycan xalqı və ölkə rəhbərliyinə ən xoş arzularını ifadə edib.

Çıxışlardan sonra Azərbaycan və Maltanın dövlət himnləri səsləndirilib.

Qəbulda nümayiş etdirilmiş Azərbaycanla bağlı videofilm və səsləndirilmiş Azərbaycan musiqisi qonaqların xüsusi marağına səbəb olub. Qonaqlara Azərbaycan haqqında kitab və jurnallar da təqdim edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR