Bank Of Baku

Bakıda Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi üzrə növbəti üçtərəfli görüş keçirilir

Bakıda Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi üzrə növbəti üçtərəfli görüş keçirilir
# 07 oktyabr 2008 11:21 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakıda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşması istiqamətində növbəti üçtərəfli görüş işə başlayıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) mətbuat xidmətindən məlumat verilib.
Üçtərəfli görüşdə Azərbaycan Dövlət Dəmir Yolu rəisinin müavini Mehdi Mehdiyevin, «Rusiya Dəmir Yolları» ASC-nin vitse-prezidenti Aleksandr Bobreşovun və İran Dəmir Yolları rəisinin müavini Mahmud Rza Keymaneşin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edir.
İki gün davam edəcək tədbirdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) xəttinin tikintisi ilə bağlı birgə müəssisənin yaradılması ilə əlaqədar təqdim edilmiş təsis sənədlərinin layihəsi, texniki-iqtisadi əsaslandırma layihəsi ilə bağlı «Rusiya Dəmir Yolları» ASC-nin gördüyü işlər müzakirə olunacaq.
Üçtərəfli görüşdə eyni zamanda Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) xəttinin tikintisi layihəsi ilə bağlı İran tərəfinin məlumatı dinləniləcək. Görüşün sonunda yekun sənədinin imzalanması gözlənilir.
Qeyd edək ki, Şimal-Cənub nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya, İran və Hindistan arasında 2000-ci ilin sentyabr ayında imzalanıb. Razılaşma bütün nəqliyyat növlərinə – dəmir yolu, dəniz, çay, avtomobil və hava nəqliyyatına aiddir. Proqnozlara görə, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsi ilə sonrakı mərhələlərdə daşınan yüklərin həcmi ildə 15 mln. tona qədər artacaq.
Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi çərçivəsində Azərbaycanda 8,5 km yeni dəmir yolu, hər biri 1 050 metr olmaqla 4 stansiya yolu, sərhəddə gömrük, viza və təkər dəyişmə məntəqəsi inşa olunacaq. Bundan başqa, İranla birgə Astara çayı üzərindən 101 metr uzunluğunda körpü inşa ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR