Bank Of Baku

Tiflisdə Bakı-Qars dəmir yolu layihəsi üzrə Əlaqələndirmə Şurasının iclası keçiriləcək

Tiflisdə Bakı-Qars dəmir yolu layihəsi üzrə Əlaqələndirmə Şurasının iclası keçiriləcək
# 04 dekabr 2008 10:36 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva, Rəşad Süleymanov – APA-Economics. Dekabrın 16-da Tiflisdə (Gürcüstan) Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu layihəsi üzrə Əlaqələndirmə Şurasının toplantısı keçiriləcək. Bu barədə «APA-Economics»ə Gürcüstanın iqtisadi inkişaf nazirinin birinci müavini Vaxtanq Lejava məlumat verib.
İclasda layihənin 2009-cu il üçün büdcəsi, görülən işlərin nəticələri və növbəti ildə həyata keçiriləcək işlər müzakirə olunacaq.
Nazir müavini gələn il Gürcüstan ərazisində dəmir yolunun tikintisi işlərinin sürətlənəcəyini vurğulayıb: «Hazırda tikinti işləri heç bir problem olmadan davam etdirilir. Gələn il isə daha da genişlənəcək və dəmir yolun tikintisini qrafikə uyğun olaraq başa çatdıracağıq. Gürcüstan ərazisində işlər 1,5 ilə həyata keçiriləcək».
Qeyd edək ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin «Marabda-Kartsaxi Dəmir Yolları» MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkər dəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol yenidən qurulacaq. Layihənin ümumi dəyəri isə 600 mln. dollardan artıqdır.
Dəmir yolunun Gürcüstan hissəsinin tikintisini Azərbaycanın «Azərinşaatservis» şirkəti həyata keçirir. Dəmir yolunun 2011-ci ilin ortalarına qədər istifadəyə verilməsi planlaşdırılır.
Layihə çərçivəsində Türkiyə ərazisində Qars şəhərindən Gürcüstanla sərhədədək uzunluğu 76 km olan yeni dəmir yolu xətti tikiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR