Bank Of Baku

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsini həyata keçirəcək birgə müəssisə Rusiyada qeydiyyata alınacaq

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsini həyata keçirəcək birgə müəssisə Rusiyada qeydiyyata alınacaq
# 16 mart 2009 11:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Sankt-Peterburqda (Rusiya) Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsi üzrə Azərbaycan Dövlət Dəmir Yolu (ADDY), «Rusiya Dəmir Yolları» ASC (RDY) və İran Dəmir Yollarının (İDY) işçi qruplarının növbəti görüşü keçirilib. Bu barədə «APA-Economics»ə ADDY-nin mətbuat xidmətindən məlumat verilib.
Tərəflər toplantıda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara (İran)-Astara (Azərbaycan) xəttinin tikintisinin biznes-planını müzakirə edib. Müzakirələr zamanı layihə çərçivəsində tərəflər əməkdaşlıq sxemini razılaşdırıblar. Razılaşmaya əsasən, layihənin həyata keçirilməsi məqsədilə RDY, İDY və ADDY birgə müəssisə yaradacaq. Görüşdə tərəflər maksimum dərəcədə iqtisadi səmərəyə nail olunması məqsədilə birgə müəssisənin digər bir dövlətin ərazisində qeydiyyata alınmasının məqsədəuyğun olub-olmaması məsələsini müzakirə ediblər. Nəticədə, birgə müəssisənin Rusiyada qeydiyyata alınması barədə qərar qəbul olunub. Toplantıda həmçinin nizamnamə və təsis müqaviləsinin yenidən işlənmiş layihələri, növbəti üçtərəfli görüşün 2009-cu ilin aprel ayının üçüncü dekadasında Tehranda keçirilməsi razılaşdırılıb.
Qeyd edək ki, Şimal-Cənub nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya, İran və Hindistan arasında 2000-ci ilin sentyabr ayında imzalanıb. Razılaşma bütün nəqliyyat növlərinə – dəmir yolu, dəniz, çay, avtomobil və hava nəqliyyatına aiddir. Proqnozlara görə, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsi ilə sonrakı mərhələlərdə daşınan yüklərin həcmi ildə 15 mln. tona qədər artacaq.
Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi çərçivəsində Azərbaycanda 8,5 km yeni dəmir yolu, hər biri 1 050 metr olmaqla 4 stansiya yolu, sərhəddə gömrük, viza və təkər dəyişmə məntəqəsi inşa olunacaq. Bundan başqa, İranla birgə Astara çayı üzərindən 101 metr uzunluğunda körpü inşa ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR