Bank Of Baku

Bakıda VI Azərbaycan Beynəlxalq Avtomobil və III Beynəlxalq Ehtiyat Hissələri, Aksesuarlar və Xidmət Avadanlıqları sərgiləri işə başlayıb

Bakıda VI Azərbaycan Beynəlxalq Avtomobil və III Beynəlxalq Ehtiyat Hissələri, Aksesuarlar və Xidmət Avadanlıqları sərgiləri işə başlayıb
# 26 mart 2009 10:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «İteca Caspian» şirkətinin təşkilatçılığı ilə VI Azərbaycan Beynəlxalq Avtomobil və III Beynəlxalq Ehtiyat Hissələri, Aksesuarlar və Xidmət Avadanlıqları sərgiləri («AutoShow» və «AutoParts») işə başlayıb.
«APA-Economics»in məlumatına görə, tədbirin açılış mərasimində Azərbaycan Nəqliyyat Nazirliyi tərəfindən analoji tədbirlərin dəstəkləndiyini bildirən Nəqliyyat Nazirliyi «Avtonəqliyyatservis» Departamentinin rəisi Çingiz Baxişev qeyd edib ki, sərgidə 15 ölkədən 50 şirkət iştirak edir.
Tədbirdə çıxış edən Azərbaycan Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Ərəstun Məcidov bildirib ki, hazırda Azərbaycanda 900 min nəqliyyat vasitəsi mövcuddur: «Ötən il ərzində ölkəyə 100 minə yaxın avtomobil gətirilib ki, bunların təxminən 85 mini Bakıdadır. Gətrilən avtomobillərin yarısını yeni avtomobillər təşkil edib».
Ə.Məcidov onu da qeyd edib ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin əsas amillərindən biri də nəqliyyatın texniki parametrlərinin beynəlxalq standartlara uyğun olmasıdır və məhz bu sərginin bu məsələyə müsbət təsiri olacaq.
«İteca Caspian» şirkətinin direktoru Fərid Məmmədov isə bildirib ki, ötən illə müqayisədə sərginin ekspozisiya sahəsi 20% azalıb və bu da, hazırda dünyada müşahidə olunan maliyyə böhranı ilə əlaqədardır: «Özbəkistan, Qazaxıstan, Rusiya, Bolqarıstan, Rumıniya kimi ölkələrdə analoji sərgilər böhranla əlaqədar təxirə salınıb və ölkələrə baxanda Azərbaycanda bu sərginin keçirilməsi çox müsbət hal kimi qiymətləndirilir».
Qeyd edək ki, sərgi martın 29-dək davam edəcək. Sərgidə iştirakçıların 40%-i yerli, 60%-i isə xarici şirkətlər təşkil edir.
Xatırladaq ki, sərgi Azərbaycan Nəqliyyat Nazirliyi, Baş Dövlət Yol Polis İdarəsi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun («Azpromo») rəsmi dəstəyi ilə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR