Bank Of Baku

İsrailin telekommunikasiya naziri: “Azərbaycanda texnoparkın yaradılması layihəsinə qoşulmaqda maraqlıyıq”

İsrailin telekommunikasiya naziri: “Azərbaycanda texnoparkın yaradılması layihəsinə qoşulmaqda maraqlıyıq”
# 22 noyabr 2011 10:52 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA-Economics. “Azərbaycanla İsrail arasında kosmik və peyk, habelə informasiya texnologiyaları və digər rabitə sahələrində əməkdaşlığımızı inkişaf etdirmək istəyirik”. “APA-Economics”in məlumatına görə, bunu Bakıda səfərdə olan İsrailin telekommunikasiya naziri Moşe Kahlon (Moshe Kachlon) bəyan edib.

İsrailli nazirin sözlərinə görə, İsrail şirkətləri Azərbaycanda rabitə sahəsində həyata keçirilən layihə və planlarda iştirak etmək əzmindədirlər: “Bu mənada İsrail tərəfi Azərbaycanda texnoparkın yaradılması layihəsinə qoşulmaqda çox maraqlıdır. Azərbaycan bizim üçün çox mühüm ölkədir, regionda aparıcı mövqelərə malikdir, Azərbaycan hökuməti və xalqı isə bizə dostdur. Buna görə biz əlaqələrimizi daha da inkişaf etdirmək arzusundayıq”.

İsrail hökumətinin üzvü hesab edir ki, İsrailin İT və müasir rabitə sahəsində Azərbaycanla bölüşə biləcəyi təcrübəsi var: “İT sahəsi sürətlə inkişaf edən bir sektordur və bu gün istifadə edilən texnologiyalar sabah yeniləri ilə əvəz edilir. Bir zamanlar biz fəxr edirdik ki, simli rabitədən istifadə edirik. Bu gün isə biz artıq optik vasitələrdən danışırıq. Bu baxımdan biz Azərbaycanla əməkdaşlığımızı dərinləşdirməkdən məmnun olardıq”.

Bakıda iki günlük səfərdə olan Moşe Kahlon bu gün paytaxtdakı “Xabad Or-Avner” tədris mərkəzində olub. Nazir burada təlim-tədris şəraiti ilə tanış olub, müəllim və şagirdlərlə söhbət edib.

Bu gün və sabah israilli nazir Azərbaycanın hökumət dairələrində bir sıra danışıqlar aparacaq, “Bakutel” beynəlxalq sərgisinə qatılacaq və yerli yəhudi icmasının fəalları ilə görüşəcək. Təmaslar zamanı Azərbaycan və İsrail arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivlərinin müzakirəsi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR