Bank Of Baku

Azərbaycan və Avstriya informasiya texnologiyaları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Avstriya informasiya texnologiyaları sahəsində əməkdaşlığı genişləndirir
# 22 noyabr 2011 14:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Avstriya Nəqliyyat, İnnovasiya və Texnologiyalar Federal Nazirliyinin innovasiya və telekommunikasiya sektorunun baş direktoru Andres Riçardın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb, nazirliyin fəaliyyəti, dövlət proqramları və həyata keçirilən genişmiqyaslı layihələr barədə geniş məlumat verib. Nazir ölkədə qeydə alınan dinamik iqtisadi inkişaf fonunda İKT sektorunda da son illər yüksək nəticələrin əldə olunduğunu qeyd edib.

Azərbaycanın təşəbbüsü ilə region üçün də böyük əhəmiyyət kəsb edən «TransAvrasiya Super İnformasiya Magistralı» (TASİM) layihəsi barədə danışan Ə.Abbasov 2009-cu ildə BMT-nin xüsusi qətnaməsi ilə yüksək qiymətləndirilən layihəyə Qərb ölkələrinin böyük marağı olduğunu bildirib.

Ə.Abbasov qonaqları TASİM layihəsi ilə yanaşı, ölkədə İKT sahəsində həyata keçirilən digər layihələr və gələcək planlar haqqında da məlumatlandırıb. O, son illər Avstriya-Azərbaycan əlaqələrində müsbət irəliləyiş müşahidə olunduğunu qeyd edib. Nazirin fikrincə, siyasi əməkdaşlıq əlaqələrinin güclü olması istər-istəməz digər sahələrə də öz müsbət təsirini göstərir. Nazir Avstriya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərdiyini vurğulayıb.

Ə.Abbasov infrastruktur və tikinti layihələrində fəal iştirak edən Avstriya şirkətlərinin informasiya texnologiyaları sektoruna da böyük töhfələr verə biləcəyinə əminliyini ifadə edib, gələcək əməkdaşlıq üçün münbit şərait olduğunu diqqətə çatdırıb.

Öz növbəsində A.Riçard Avstriyanın Azərbaycan ilə siyasi, iqtisadi, enerji və digər sahələrlə yanaşı, informasiya texnologiyaları sektorunda da əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib. Avstriya nümayəndəsi bu istiqamətdə müəyyən addımların atılmasının, o cümlədən Azərbaycanda çalışan Avstriya şirkətlərinin fəaliyyətinin genişləndirilməsinin vacibliyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR