Bank Of Baku

Bakıda Asiya İnkişaf Bankının CAREC Proqramının Nazirlər Konfransı keçirilir - FOTOSESSİYA

Bakıda Asiya İnkişaf Bankının CAREC Proqramının Nazirlər Konfransı keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 23 noyabr 2011 12:19 (UTC +04:00)
Tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri, CAREC Proqramının X Nazirlər Konfransının sədri Şahin Mustafayev prezidentin təbrik məktubunu oxuyub.

Nazir proqram çərçivəsində Azərbaycanın ikinci dəfə konfransa sədrlik etdiyini vurğulayıb. Belə ki, 2008-ci ilin noyabr ayında Bakıda CAREC üzrə VII Nazirlər Konfransı keçirilib.

Ş.Mustafayev CAREC Proqramının X ildönümünə təsadüf edən tədbirin Bakıda keçirilməsinin tərəfdaş ölkələrin Azərbaycana olan etimadının göstəricisi olduğunu qeyd edib. O, konfrans çərçivəsində aparılan müzakirələrin və təsdiq olunacaq sənədlərin region ölkələri arasında qarşılıqlı əməkdaşlığın genişlənməsinə xidmət edəcəyinə əmin olduğunu bildirib.

AİB-in prezidenti Haruhiko Kuroda çıxışında CAREC Proqramı çərçivəsində ötən on ildə görülmüş və gələcəkdə görülməsi planlaşdırılan işlər barədə məlumat verib. O, proqramın region ölkələrində nəqliyyat, enerji və ticarət sahələrində əməkdaşlığın inkişafına töhfə verdiyini vurğulayıb. Qeyd edib ki, proqram iştirakçısı olan ölkələrdə ötən 10 il ərzində ticarət dövriyyəsi artıb, həyat səviyyəsi yaxşılaşıb, yüzdən çox regional layihə həyata keçirilib və hazırda həyata keçirilir. Bu layihələrin icrasına 17 mlrd. dollar xərclənib.

H.Kurodanın sözlərinə görə, 2017-ci ilədək proqrama üzv ölkələrdə ticarət əlaqələri 3 dəfə artacaq. CAREC proqramı çərçivəsində 27 enerji layihəsi nəzərdə tutulur ki, bu da proqramın ümumi büdcəsinin 27%-dir. CAREC növbəti 10 ildə daha səmərəli fəaliyyət göstərəcək, yeni marşrutlar və yeni xərclər tələb edəcək. Proqramın fəaliyyətinin təkmilləşdirilməsindən danışan sədr növbəti 40 il üçün müxtəlif ssenarilərin nəzərdən keçirilməsinin zəruri olduğunu vurğulayıb.

Qeyd edək ki, konfransın sonunda 3 sənədin imzalanması nəzərdə tutulur. Bunlar CAREC-2020 Strategiyası, əməkdaşlığın inkişafının icmalı və CAREC institutunun iş planıdır. Bundan başqa, Qırğızıstan və Tacikistan arasında imzalanmış transsərhəd daşımaları haqda sazişə Əfqanıstanın qoşulması haqda saziş imzalanacaq. CAREC Proqramının X Nazirlər Konfransı CAREC nazirlərinin birgə bəyanatı ilə işini yekunlaşdıracaq. Bəyanatda növbəti il üçün proqramın hədəfləri və istiqamətləri müəyyənləşəcək.

Konfransda CAREC Proqramına üzv olan ölkələrdən başqa, AİB, Dünya Bankı, İslam İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, BMT-nin İnkişaf Proqramı kimi beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. CAREC Proqramı ilə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və BMT-nin İnkişaf Proqramı sıx əməkdaşlıq edir. Azərbaycan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Özbəkistan, Türkmənistan, Əfqanıstan və Pakistan CAREC-in üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR