Bank Of Baku

Azərbaycanda əmlakın ilkin qeydiyyatı iki dəfədən çox artıb

Azərbaycanda əmlakın ilkin qeydiyyatı iki dəfədən çox artıb
# 25 noyabr 2011 10:01 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın regionlarında daşınmaz əmlakın qeydiyyatının artım tempi Bakı şəhərinin analoji göstəricisini iki dəfə üstələyib. «APA-Economics»in məlumatına ögrə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) bildirilib.

Xidmətin məlumatlarına əsasən, sentyabr ayında ölkədə 14 309 əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb ki, bu da ötən ilin sentyabrına nisbətən 79,7% çoxdur. Sentyabrda aparılan qeydiyyatın 5 138-i ilkin (35,9%), 9 171-i (64,1%) təkrar qeydiyyata aiddir. Ötən ilin sentyabrına nisbətən ilkin qeydiyyat 2,2 dəfə, təkrar qeydiyyat isə 63,2% artıb.

Sentyabrda qeydiyyata alınan əmlakdan 3 314-ü fərdi yaşayış və bağ evi, 5 286-sı mənzil, 5 059-u torpaq sahəsi, 298-i qeyri-yaşayış binası, 213-ü qeyri-yaşayış sahəsi, 61-i əmlak kompleksi, 74-ü çoxillik əkmə, 3-ü isə çoxmərtəbəli yaşayış binası olub.

Sentyabrda fərdi yaşayış evlərinin qeydiyyatı 88%-dən çox artıb. Torpaq sahələrinin qeydiyyatı 87,6%, özəlləşdirilməsi 72%, qeyri-yaşayış sahələrinin qeydiyyatı 66,4% artıb. Sentyabrda qeydiyyatdan keçən 3 çoxmərtəbəli binanın 2-si Bakı şəhərinin payına düşür.

Ümumilikdə, bu ilin ilk 9 ayında ölkədə 110 minə yaxın əmlaka aid hüquqlar dövlət qeydiyyatına alınıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 55,7% artıqdır. Qeydiyyatdan keçən əmlakın 40 271-i (36,7%) ilkin, 69 536-ı (63,3%) təkrar qeydiyyatdan keçib. DƏDRX-in məlumatlarına görə, ötən ilə nisbətən ilkin qeydiyyat 84,3%, təkrar qeydiyyat 42,8% artıb.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakdan 24 538-i fərdi yaşayış və bağ evi, 40 031-i mənzil, 38 279-u torpaq sahəsi, 3 339-u qeyri-yaşayış binası, 2 324-ü qeyri-yaşayış sahəsi, 663-ü əmlak kompleksi, 603-ü çoxillik əkmə, 30-u isə çoxmərtəbəli yaşayış binaları olub.

Ölkənin əmlak bazarında regionların payının artımı tendensiyası sentyabrda da davam edib. İlin ilk 9 ayında əmlakın qeydiyyatında regionların payı 63%-ə çatıb. Ötən aylar olduğu kimi, bu dövrdə də fərdi yaşayış evi, torpaq sahələri, qeyri-yaşayış binaları və əmlak kompleksləri üzrə əməliyyatların böyük hissəsi regionlarda aparılır. İlk 9 ayda regionlar qeydiyyatdan keçən çoxmərtəbəli binaların sayına görə də Bakını üstələyib. Azərbaycanda qeydiyyata alınan 30 belə binanın 17-i regionlardadır. Əvəzində mənzillərin özəlləşdirilməsi və qeyri-yaşayış sahələrinin qeydiyyatının əsas hissəsi paytaxtın payına düşür.

Ümumilikdə, ilk 9 ayda regionlarda daşınmaz əmlakın qeydiyyatının artım sürəti Bakını iki dəfəyədək üstələyib. Belə ki, ötən ilin eyni dövrünə nisbətən yanvar-sentyabr aylarında Bakı şəhər Ərazi İdarəsi üzrə daşınmaz əmlakın qeydiyyatı 36,2% artdığı halda, regionlarda artım sürəti 70%-i keçib.

Bu dövrdə Xidmətin 18 ərazi idarəsinin hamısında daşınmaz əmlakın qeydiyyatının artımı müşahidə edilib. Ən çox artım Beyləqan (2,3 dəfə), Qəbələ (2,2 dəfə), Şamaxı (2,1 dəfə) və Abşeron ərazi idarələrində qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR