Bank Of Baku

Bakı-Böyük Kəsik dəmir yolu istiqamətində daha 5 km yol əsaslı təmir olunacaq

Bakı-Böyük Kəsik dəmir yolu istiqamətində daha 5 km yol əsaslı təmir olunacaq
# 25 noyabr 2011 13:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Noyabrın 26-29-da Bakı-Böyük Kəsik dəmir yolu istiqamətində daha 5 km yol əsaslı təmir olunacaq. Bu barədə «APA-Economics»ə «Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Onun sözlərinə görə, sözügedən tarixdə Tovuz-Tatlı sahəsinin 104-109-cu kilometrində daha 5 km yol əsaslı təmir olunacaq: «Əsaslı təmir işlərinə «Azərbaycan Dəmir Yolları» QSC «Dəmiryolservis» MMC-nin 4 və 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları cəlb olunub. Yolların əsaslı təmiri prosesini Çexiyanın «Exim Bank»ının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq».

Qeyd edək ki, «Azərbaycan Dəmir Yolları» QSC-nin Bakı-Böyük Kəsik sahəsində 317 km yolun əsaslı təmirinə bu ilin iyun ayının 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 22 km əsaslı təmir olunub.

Xatırladaq ki, «Azərbaycanda dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı»nın icrası istiqamətində Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən «Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi» çərçivəsində «Exim Bank» ilə 215 mln. avro məbləğində kredit sazişi imzalanıb. Məhz bu vəsait hesabına Bakı-Böyük Kəsik istiqamətində 317 km yol əsaslı təmir olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR