Bank Of Baku

Bakıda “Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakıda “Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları” mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 28 noyabr 2011 10:26 (UTC +04:00)
Bakı - APA-Economics. Dekabrın 1-2-də Bakıda “Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları: siyasət, pedaqogika, sosial vərdişlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

İKT İnformasiya Mərkəzindən (www.e-azerbaijan.info) “APA-Economics”ə verilən məlumata görə, tədbirin təşkilatçıları UNESCO, Azərbaycan Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir.

Konfransın Azərbaycanda keçirilməsinin təşəbbüskarı UNESCO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutudur. Konfransın əsas məqsədi biliyə əsaslanan cəmiyyətdə müəllimlərin başlıca kompetensiyaları (İKT, pedaqoji və sosial kompetensiyalar) əsasında onların peşəkar inkişafı ilə bağlı strategiya, istiqamət və təcrübə ətrafında fikir mübadiləsinin aparılmasıdır. Konfransda 20-dən yuxarı xarici ekspert və 60 yerli mütəxəssisin iştirakı planlaşdırılır. Ekspertlər Rusiya, Malayziya, Slovakiya, Finlandiya, Niderland, Ukrayna, İtaliya, Türkiyə, Litva və Belarusu təmsil edəcəklər.

Tədbir plenar iclaslar və müəllimlərin İKT sahəsində kompetensiyaları, açıq təlim resursları və peşə təhsilinin inkişafı mövzuları üzrə işçi qruplarda müzakirələr formasında keçiriləcək. Konfrans çərçivəsində “Azərbaycanda peşə təhsilinin inkişafı” üzrə UNESCO, Yaponiya hökuməti, Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun birgə layihəsinin nəticələrinin təqdimatı da nəzərdə tutulur. Konfrans zamanı xarici ekspertlərə “2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində görülən işlər haqqında ətraflı məlumat veriləcək, həmçinin Azərbaycanda müəllimlərə İKT vasitəsilə biliklərin verilməsi üzrə təlimlər, “Həmkara dəstək” proqramı və açıq tədris resursları haqqında məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılacaq.

UNESCO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutunun (TİTİ) əsas məqsədlərindən biri təhsildə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə proqramların işlənib hazırlanmasına və reallaşdırılmasına dəstək göstərmək, həm bütün dünyanın, həm də ayrı-ayrı ölkələrin tələblərinə istiqamətlənən proqramlar həyata keçirməkdir. Öz statusu və funksiyaları çərçivəsində TİTİ bütün səylərini ömürboyu təhsil və tədris imkanlarının genişləndirilməsi məqsədilə informasiya texnologiyaları sahəsində milli potensialın gücləndirilməsi, təhsildə rəqəmsal qeyri-bərabərliyin aradan qaldırılması və hamının təhsil ala biləcəyi cəmiyyətin formalaşmasına dəstək göstərilməsi üzərində cəmləşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR