Bank Of Baku

Azərbaycanda neftçilərə mənzil tikilməsi üçün 106 hektar torpaq sahəsi ayrılıb

Azərbaycanda neftçilərə mənzil tikilməsi üçün 106 hektar torpaq sahəsi ayrılıb
# 25 yanvar 2012 13:04 (UTC +04:00)
APA-Economics”in Nazirlər Kabinetinin 19 yanvar tarixli 9s saylı sərəncamı ilə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) daimi istifadəsindəki 106,41 hektar sənaye təyinatlı torpaq sahəsinin təyinatı dəyişdirilib və neftçilərə ev tikintisi üçün ayrılıb.

Bu ərazilərin bir hissəsi Bakı şəhərində, qalanları respublikanın regionlarında yerləşir. Bura Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Azneft” İstehsalat Birliyinin Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin istifadəsində olan 30,1 ha, Qobustan qəsəbəsində yerləşən Sosial İnkişaf İdarəsinin istifadəsində olan 1,38 ha, Xəzər rayonu ərazisində “Azneft” İstehsalat Birliyinin Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin istifadəsində olan 22,0 ha, Suraxanı rayonunun Hövsan qəsəbəsində 14,78 ha, Səbail rayonunun Bayıl qəsəbəsində yerləşən “Azneft” İstehsalat Birliyinin “Bibiheybət” Neft və Qazçıxarma İdarəsinin istifadəsində olan 7,0 ha, Yasamal rayonunun ərazisində Geofizika və Geologiya İdarəsinin istifadəsində olan 0,10 ha torpaq sahəsi aiddir.

Regionlardakı ərazilərə isə Şirvan şəhərinin ərazisində “Kompleks qazma işləri” trestinin istifadəsində olan 7,69 ha, Abşeron rayonunun Fatmayı qəsəbəsində Geofizika və Geologiya İdarəsinin istifadəsində olan 5,16 ha, İmişli rayonu ərazisində “Azneft” İstehsalat Birliyinin istifadəsində olan 5,76 ha, Salyan rayonunun Kürsəngi kəndi ərazisində “Kompleks qazma işləri” trestinin istifadəsində olan 2,56 ha və Siyəzən rayonunun ərazisində “Azneft” İstehsalat Birliyinin istifadəsində olan 9,88 ha torpaq sahələri aiddir.

Nazirlər Kabinetinin sərəncamı ilə neft sənayesində çalışan və mənzil növbəsində qeydiyyatda olan işçilərin öz vəsaitləri hesabına kooperativ çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi məqsədilə bu torpaq sahələrinin kateqoriyası dəyişdirilərək, yaşayış məntəqələri torpaqları kateqoriyasına keçirilib. Bu sərəncam ARDNŞ-ın Bakı və Şirvan şəhər, Abşeron, İmişli, Salyan və Siyəzən rayon icra hakimiyyətləri, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə razılaşdırılmış təklifi əsasında verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR