Bank Of Baku

Azərbaycanın əsas kabel televiziya operatorları analoq yayımı məhdudlaşdırır

Azərbaycanın əsas kabel televiziya operatorları analoq yayımı məhdudlaşdırır
# 26 yanvar 2012 09:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın aparıcı kabel televiziya operatorları bir sıra kanalların analoq yayımını məhdudlaşdırır.

«APA-Economics»in məlumatına görə, bu barədə bu gün Azərbaycan Kabel Operatorları Assosiasiyasının təşəbbüsü ilə analoq yayımdan rəqəmsal formata keçidlə bağlı Bakıda keçirilən mətbuat konfransında bildirilib.

Tədbirdə qeyd olunub ki, son vaxtlar Azərbaycanda rəqəmsal yayıma keçid üçün intensiv işlər aparılır. Artıq bu istiqamətdə müvafiq proqram hazırlanıb və həyata keçirilir. Məhz bu səbəbdən Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, cari ilin yanvarın 1-dən ölkə ərazisində bütün telekanalların yayımının rəqəmsal formata keçidinə başlanılıb. Bu məqsədlə ölkənin aparıcı iki kabel televiziya operatoru olan «KATV 1» və «Ailə TV» müvafiq konsepsiya hazırlayıb. Konsepsiyaya uyğun olaraq 2012-ci ilin martın 1-dən retranslyasiya 7 kanalın analoq yayımı dayandırılacaq. Bunun əvəzinə isə rəqəmsal yayımda baza paketində kanalların sayı artırılacaq. Aparılan rəy sorğuları nəticəsində ən az tələbat olan kanalların analoq yayımı dayandırılacaq ki, bunlar «Naşe novoye kino», «Cartoon Network», «Reality», «RBK», «TLC», «Viasat History» və «MTV-Rus» kanallarıdır. Kanalların analoq yayımda məhdudlaşdırılmasına baxmayaraq, aylıq abunə haqqı dəyişməz olaraq qalacaq.

Tədbirdə həmçinin rəqəmsal formatın üstünlüklərindən danışılıb və bildirilib ki, rəqəmsal yayım kənar təsirlərə daha davamlı, kanalların sayının çox olmasına görə daha əlverişli, görüntü və səs effektlərinə görə daha keyfiyyətlidir.

Qeyd edək ki, Azərbaycan artıq 2013-cü ilədək ölkədə analoq yayımı dayandırmaq üzrədir. Kabel operatorlarının qarşısında isə 2015-ci ilədək analoq yayımı tam məhdudlaşdırmaq vəzifəsi dayanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR