Bank Of Baku

«Qatar Airways» aviaşirkəti ilin sonunadək Doha-Bakı-Tbilisi reysini yalnız Bakı istiqamətində yerinə yetirəcək

«Qatar Airways» aviaşirkəti ilin sonunadək Doha-Bakı-Tbilisi reysini yalnız Bakı istiqamətində yerinə yetirəcək
# 02 fevral 2012 10:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaxın 6-8 aydan sonra «Qatar Airways» aviaşirkətinin yerinə yetirdiyi Doha-Bakı-Tbilisi aviareysi yalnız Doha-Bakı marşrutu üzrə həyata keçiriləcək. «APA-Economics»in məlumatına görə, bu barədə «Qatar Airways»ın icraçı direktoru Əkbər əl Bəkr bildirib.

Onun sözlərinə görə, fevralın 1-də açılmış Doha-Bakı aviareysinin davamı Bakı-Tbilisi aviareysi olacaq: «Doha-Bakı aviareysinin davamı Tbilisi şəhərinin olması bizim təyyarələrin az olması ilə bağlıdır. Hazırda «Qatar Airways» şirkətinin 106 təyyarəsi var. Lakin bu, bizə kifayət etmir. Belə ki, şirkət çox dinamik inkişaf edir və yaxın gələcəkdə biz aviaparkımızda olan təyyarələrin sayını artıracağıq. Yaxın 6-8 aydan sonra biz yalnız Doha-Bakı aviareysini yerinə yetirəcəyik, yəni, Bakıdan Tbilisiyə uçuşlarımız dayandırılacaq».

Ə.əl Bəkr onu da bildirib ki, Azərbaycan «Qatar Airways» şirkəti üçün çox önəmli ölkədir. Belə ki, Azərbaycan dinamik inkişaf edən ölkələrdəndir: «Bakı bizim üçün sayca 111-ci istiqamət olub. Ümumiyyətlə, Doha-Bakı aviareysinin açılması hələ 3 il bundan öncə planlaşdırılırdı. Lakin təyyarələrimiz lazımi sayda olmaması səbəbindən, biz sözügedən aviareysi yalnız 2012-ci ilin əvvəlində yerinə yetirməyə başlamışıq. Onu da qeyd edim ki, «Qatar Airways» ciddi təhlil aparıb və ümid edirəm ki, Doha-Bakı-Doha aviareysi üzrə uçan təyyarə tam dolacaq».

Şirkət rəsmisi həmçinin bildirib ki, hazırda «Qatar Airways» şirkəti dünyanın 112 şəhərinə uçuşlar həyata keçirir. Yaxın 4 ildə istiqamətlərin sayı 170-ə çatdırılacaq.

Qeyd edək ki, «Qatar Airways» aviaşirkəti Doha-Bakı aviareysini həftənin hər günü yerinə yetirir və Bakıdan sonra təyyarə uçuşu Tbilisiyədək davam edir. Bakıdan Dohaya uçuşlar həftənin II, IV və V günləri saat 18:00-da, I, III, VI və VII günləri isə saat 22:30-da yerinə yetirilir. «Airbus A-320» təyyarəsi ilə yerinə yetiriləcək aviareyslərdə «biznes» sinfə aid 12 yer, «ekonom» sinfə aid isə 132 yer təklif olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR