Bank Of Baku

Yaxın gələcəkdə Azərbaycanın təhsil sistemində yeni informasiya texnologiyaları tətbiq ediləcək

Yaxın gələcəkdə Azərbaycanın təhsil sistemində yeni informasiya texnologiyaları tətbiq ediləcək
# 13 fevral 2012 10:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda həyata keçirilən «Elektron məktəb» layihəsi çərçivəsində tədris müəssisələrində tətbiq olunan texnologiyalar ölkədə informasiya kommunikasiya texnologiyalarına əsaslanan Milli Təhsil Modelini formalaşdırmağa xidmət edir. İKT İnformasiya Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, bu barədə Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov bildirib.

Onun sözlərinə görə, bu pilot layihə çərçivəsində əldə edilən təcrübə əsasında Azərbaycanın bütün məktəblərində «Elektron məktəb» konsepsiyasını tətbiq etmək mümkündür: «Bu isə Azərbaycanda aparıcı ölkələr səviyyəsinə uyğun Milli Təhsil Modelinin tam bərqərar olması deməkdir».

S.Məmmədov onu da qeyd edib ki, layihəyə indiyədək 39 təhsil müəssisəsi cəlb olunub və onlardan 32-si ümumtəhsil məktəbləridir: «Hazırda layihədə Bakının, Sumqayıtın, Lənkəranın, Gəncənin, Şamaxının, İsmayıllının, Şirvanın, Qubanın və Ağdaşın məktəbləri iştirak edir».

S.Məmmədovun sözlərinə görə, «Elektron məktəb» layihəsində iştirak edən məktəblər Azərbaycan təhsil şəbəkəsinə optik kabellər vasitəsilə qoşulub, onlarda zəruri şəbəkə avadanlığı və proqram təminatı istifadə edilib. Layihədə iştirak edən məktəblərdə bir sıra həllər tətbiq olunur ki, bunun nəticəsində həmin məktəblərdə elektron jurnalların, elektron cədvəllərin, elektron gündəliklərin və SMS vasitəsilə şagirdlərin davamiyyəti və dərslərdə iştirakı haqda valideynlərin məlumatlandırması, elektron tədris resurslarının istifadəsi mümkün olub.

«Bununla yanaşı, pilot məktəblərdə «bir şagird - bir kompyuter» layihəsi də tətbiq edilir. Təhsil Nazirliyinin və «Intel» korporasiyasının birgə təşəbbüsü olan «bir şagird - bir kompüter» layihəsi çərçivəsində məktəblilərə həm dərsdə, həm də evdə istifadə üçün netbuklar verilib. Bu tədrisdə informasiya texnologiyalarının tətbiqini daha da effektiv edir», - deyə S.Məmmədov bildirib.

Təhsil Nazirliyinin rəsmisi onu da qeyd edib ki, informasiya texnologiyalarının təhsildə sistemli tətbiqi yaxşı nəticələr əldə etməyə imkan verir: «Əldə edilən nəticələr göstərir ki, informasiya texnologiyaları təhsildə mühiti tam dəyişdirir. Ölkə miqyasında buna nail olmaq üçün bir sıra mühüm addımların atılması zəruridir. Məsələn, elektron jurnalın tətbiqi üçün hər bir sinifdə İnternetə qoşulmuş noutbukun və ya kompyuterin olması vacibdir».

«Orta təhsil sistemində elektron dərsliklərə keçidin də tədricən təmin olunması məqsədəuyğundur. Artıq bir sıra aparıcı dövlətlərdə bu keçid müşahidə olunmaqdadır - təhsil sistemində «ağıllı» kitabların, şagirdlərin iştirakını və araşdırmaçılığını sövq edən elektron təhsil resursların istifadəsi genişlənməkdədir. Şagirdin yaradıcılığına imkan yaradan interaktiv elektron vasitələrin yaradılması, saxlanılması və yayılması bulud («cloud») texnologiyaları vasitəsilə daha səmərəli və əlçatımlı olur. Bununla da fərdiləşmiş tədris üçün zəruri şərait yaranır və fərdi təhsil netbuk və planşet kompüterə ehtiyac artır. Azərbaycanda da tədricən fərdi kompüterlər vasitəsilə elektron dərsliklərdən istifadə ölkə miqyasında bulud texnologiyalara keçidi tezləşdirəcək. Belə ki, şagirdlər tədris üçün zəruri materialları və dərslikləri Məlumat və Resurs Mərkəzinin serverlərindən, yəni təhsil buludundan istifadə etməklə fərdi təhsil alətinə yükləyə və təhsil nəticələrini keyfiyyətli dərəcədə təkmilləşdirə biləcək. Burada «ağıllı» məzmunun yaradılması və ya yerliləşdirilməsi üçün lazım olan infrastrukturun - Data Mərkəzin, Elektron resurs üzrə ixtisaslaşmış yerli şirkətlər, yerli ekspertlərin və sürətli internet bağlantısının mövcudluğu həlledicidir», - deyə S.Məmmədov bildirib.

S.Məmmədov ümid edir ki, sadalanan texnologiyalar yaxın gələcəkdə Azərbaycanın təhsil sistemində tətbiq ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR