Bank Of Baku

Azərbaycanda özəlləşdirilmiş müəssisələrdə 15 mindən artıq yeni iş yeri yaradılıb

Azərbaycanda özəlləşdirilmiş müəssisələrdə 15 mindən artıq yeni iş yeri yaradılıb
# 21 fevral 2012 10:13 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Ötən il Azərbaycanda kiçik özəlləşdirmə formasında 900-ə yaxın dövlət müəssisə və obyekti, 540-a yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. «APA-Economics»in məlumatına görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) 2011-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirədə bildirilib. Tədbirdə qeyd olunub ki, ötən il dövlət müəssisələrinin çevrilməsi nəticəsində 10 səhmdar cəmiyyəti yaradılıb, səhmlərin satışı üzrə keçirilmiş 23 pul və ixtisaslaşdırılmış pul hərraclarında 10 səhmdar cəmiyyətinin müvafiq sayda səhmləri özəlləşdirilib.

Ötən il investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə müqavilələr üzrə müsabiqə qalibləri tərəfindən 125,7 mln. manat məbləğində investisiya qoyulub. Əvvəlki dövrlərdə investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilmiş və müqavilə öhdəliklərini icra etmiş 9 dövlət müəssisəsi üzrə mülkiyyət hüququ 2011-ci ildə alıcılara keçib.

Tədbirdə bildirilib ki, ümumilikdə, 2012-ci il yanvarın 1-dək keçirilmiş investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilmiş 91 dövlət müəssisəsinə 666,3 mln. manata yaxın investisiya qoyulub, bu müəssisələrdə 15 mindən artıq iş yeri yaradılıb, əlavə olaraq dövlət büdcəsinə 47 mln. manatdan çox məbləğdə vəsait köçürülüb.

Ötən il özəlləşdirmədən sonra bağlanılmış alqı-satqı müqavilələrinin şərtlərinə əməl olunması və fəaliyyət profilinin saxlanılması ilə bağlı sosial təyinatlı 90 obyektdə monitorinqlər aparılıb, mülkiyyətçilərə obyektlərin profilini saxlanılmaqla normal fəaliyyətinin təmin olunması barədə öhdəlikləri barədə xəbərdarlıq məktubları göndərilib.

Tədbirdə bildirilib ki, dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılma tədbirləri də davam etdirilib. Belə ki, qlobal maliyyə-iqtisadi böhran dövründə fəaliyyəti dayanmış Gəncə Gil-Torpaq istehsalat sahəsi görülmüş tədbirlər nəticəsində yenidən işə başlayıb və hazırda müəssisədə 1 200 nəfərə yaxın işçi çalışır.

Bu istiqamətdə «Azərboru» və “Bakı Elektriktökmə» ASC tərəfindən təqdim edilmiş sağlamlaşdırma tədbirlərinə dair proqramlara baxılıb və müvafiq təhlillər aparılıb. «Azərboru» SC-nin təqdim etdiyi layihənin aidiyyəti dövlət orqanları ilə razılaşdırılması ilə bağlı tədbirlər davam etdirilir.

Ötən il Komitə tərəfindən hüquqi və fiziki şəxslərə 620-ə yaxın qeyri-yaşayış sahəsi icarəyə verilib, eyni zamanda icarə haqlarını ödəməyən 700-dən çox qeyri-yaşayış sahəsinin icarəçilərinə dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi tələbi ilə xəbərdarlıq məktubları göndərilib. İl ərzində icarə haqqını ödəməyən icarəçilərlə bağlı məhkəmələrə 300-dən çox iddia ərizəsi göndərilib və bununla bağlı müvafiq məhkəmə qərarları qəbul edilib. Torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında 480-ə yaxın icarə müqaviləsi bağlanılıb.

Dövlət müəssisələrinin yerləşdiyi torpaq sahələrinin səmərəli istifadəsinə nəzarət edilməsi məqsədi ilə keçirilən monitorinqlərdə 150-ə yaxın müəssisə və obyektdə zəbtolunma, qanunsuz tikili, yenidənqurma və quraşdırma işlərinin aparılması halları aşkar edilib, bu işlərin qarşısının alınması üçün məhkəmələrə iddia ərizələri verilib.

Bundan başqa, icarə haqlarının ödənilməsində şəffaflığın və operativliyin təmin edilməsi məqsədi ilə yaradılmış avtomatlaşdırılmış ödəniş sistemi üzrə icarəçilər tərəfindən ödənişlərin həyata keçirilməsi davam etdirilib.

Müşavirədə qeyd edilib ki, qeyri-yaşayış sahələrinin, özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən hesabat dövründə dövlət büdcəsinə 5,1 mln. manatdan çox vəsait daxil olub ki, bununla da 2011-ci ilin dövlət büdcəsi üzrə müəyyən edilmiş müvafiq tapşırıqlar 102% yerinə yetirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR