Bank Of Baku

Bakıda bərk məişət tullantılarının idarəçiliyi ilə bağlı müzakirələr aparılıb

Bakıda bərk məişət tullantılarının idarəçiliyi ilə bağlı müzakirələr aparılıb
# 15 mart 2012 09:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün Bakıda İqtisadi İnkişaf Nazirliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində Azərbaycanda bərk məişət tullantılarının idarəçiliyi ilə əlaqədar milli qiymətləndirmə sənədinə dair müzakirələr aparılıb.

APA-Economics”in xəbərinə görə, tədbirdə qiymətləndirməni hazırlayan Danimarkanın “COWI” və Azərbaycanın “İqlim” şirkətlərin nümayəndələri təqdimatla çıxış ediblər.

Təqdimatlarda Azərbaycanda məişət tullantıların idarə edilməsi üzrə hazırkı vəziyyəti, bu sahədə problem və çatışmazlıqlar nümayiş etdirilib. Tədbirdə çıxış edən İİN-in şöbə müdiri Sahil Babayev Azərbaycanda bərk tullantılarının idarəçiliyi ilə əlaqədar milli qiymətləndirmə sənədinin ilkin nəticələri barədə məlumat verib. Qeyd olunub ki, ölkədə bərk tullantıların idarəçiliyi ilə əlaqədar Milli Strategiyanın hazırlanması nəzərdə tutulur ki, bu sənəd bütün ölkə ərazisində bərk tullantılarının idarəçiliyi proqramının həyata keçirilməsinə imkan verəcək. Hazırda Milli Strategiyanın hazırlanması üçün məsləhətçi qismində layihəyə cəlb edilən Danimarkanın “COWI” şirkəti tərəfindən müvafiq tədqiqatlar aparılır. Belə ki, 2011-ci ildə şirkət tərəfindən 6 pilot ərazidə - Xaçmaz, Sabirabad, Şamaxı, Şəki, Mingəçevir və Naftalanda məişət tullantılarının yaranması, toplanması və zərərsizləşdirilməsi ilə bağlı ilkin tədqiqatlar aparılıb. Layihə çərçivəsində müvafiq məlumatlar toplanılıb və təhlil edilib.

Qeyd edək ki, Danimarkanın “COWI” şirkətinin təqdimatında məişət tullantılarının idarə edilməsi sahəsində texnikanın çatışmazlığı, tullantıların, o cümlədən zərərli tullantıların açıq yerlərdə toplanması, emal müəssisələrinin olması kimi problemlər açıqlanıb. “İqlim” şirkətinin təqdimatında əsasən statistik məlumatlar, o cümlədən tullantıların həcmi, tərkibi və sair məlumatlar təqdim edilib, lakin qeyd olunub ki, məlumatlar əsasən nisbi xarakter daşıyır.

S.Babayev “APA-Economics”ə bildirib ki, aparılan işlərin nəticəsində bu ilin ortalarında Stategiyanın ilkin istiqamətləri dövlət orqanlarına təqdim ediləcək, təxminən avqust ayında Nazirlər Kabinetinə təqdim olunacaq. Bundan sonra strategiyanın hazırlanıb-hazırlanmaması barədə qərar qəbul olunacaq. S.Babayevin sözlərinə görə, əsas məsələ tullantıların komponentlərinin müəyyən edilməsidir. Belə ki, tullantıların əsas hissəsi orqanik tullantılardırsa, poliqonlar yaradılmalı, təkrar emala yararlıdırsa, müvafiq müəssisələr tikilməlidir. Strategiyada həmçinin poliqonların harada və hansı sayda yaradılması məsələsi də əks olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR