Bank Of Baku

«Flydubai» Azərbaycanın bölgələrinə birbaşa aviareyslərin açılmasında maraqlıdır

«Flydubai» Azərbaycanın bölgələrinə birbaşa aviareyslərin açılmasında maraqlıdır
# 16 mart 2012 10:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Birləşmiş Ərəb Əmirliklərinin «Flydubai» aviaşirkəti yeni marşrutların açılması və uçuş şəbəkəsinin genişləndirilməsi istiqamətində daim yeni imkanlar axtarır. Bunu Azərbaycanın digər bölgələrinə Dubaydan birbaşa aviareyslərin açılmasının mümkünlüyü ilə bağlı «APA-Economics»in sualını cavablandıran «Flydubai» şirkətinin rəhbəri Qeyt əl Qeyt bildirib.
Onun sözlərinə görə, «Flydubai» yeni marşrutların açılmasında və uçuş coğrafiyasının genişləndirilməsində maraqlıdır və şirkət yeni istiqamətlər üzrə aviareyslər açmaq niyyətindədir: «Dubay şəhəri coğrafi baxımından çox əlverişli yerdə yerləşir və bu «Flydubai» şirkətinə dünyanın 1/3 hissəsini 5 saatadək qət etmək imkanı yaradır. Bu da 2,5 mlrd. insanın daşınması deməkdir. Ona görə, şirkətin yeni marşrutlar üzrə uçuşların təşkil olunması potensialı çox genişdir».
Q.əl Qeyt onu da bildirib ki, hazırda «Flydubai» aviaşirkəti 28 ölkəyə uçuşlar yerinə yetirir. Bura Fars körfəzinin ərəb dövlətləri, Yaxın və Orta Şərq, Afrika, Hindistan yarımadası, Asiya və Avropa ölkələri daxildir.
Yeni aviareyslərin açılmasına gəldikdə isə, «Flydubai» rəsmisi bildirib ki, 2012-ci ildə bir sıra yeni istiqamətlər üzrə uçuşlara başlanacaq: «Yaxın keçmişdə biz İraqın Bağdad və Nəcəf, Səudiyyə Ərəbistanın Taif, Qırğızıstanın Bişkek şəhərlərinə Dubaydan birbaşa aviareysləri istifadəyə vermişik, aprel ayında isə biz Yəmənin paytaxtı Sana şəhərinə uçuşlara başlayacağıq və bu hələ başlanğıcdır. Biz bu siyahını bir qədər də genişləndirmək niyyətindəyik. Belə ki, «Flydubai» şirkəti uçuş şəbəkəsini genişləndirməkdə maraqlıdır».
Qeyd edək ki, «Flydubai» aviaşirkəti Bakıdan Dubaya uçuşları hər həftənin I, II, IV, V və VI günləri saat 15:30-da «Boeing 737-NG800» avialayneri ilə yerinə yetirir. Hazırda hər iki istiqamətdə bir aviabiletin minimal qiyməti 243 manat təşkil edir.
Xatırladaq ki, ilkin kapitalı 68 mln. ABŞ dolları olan «Flydubai» aviaşirkəti 2008-ci il mart ayında fəaliyyətə başlayıb, 2009-cu il noyabr ayının sonundan etibarən isə Dubay-Bakı-Dubay marşrutu üzrə birbaşa sərnişin aviareysini istifadəyə verib. Hazırda şirkət 27 ölkənin 45-dən çox şəhərinə uçuşlar yerinə yetirir.
Onu da qeyd edək ki, hazırda Azərbaycanın Bakı, Naxçıvan, Gəncə, Zaqatala, Lənkəran və Qəbələ şəhərlərində beynəlxalq aeroportlar fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR