Bank Of Baku

Azərbaycanda əsas kapitala sərmayə qoyuluşu 5% artıb

Azərbaycanda əsas kapitala sərmayə qoyuluşu 5% artıb
# 26 mart 2012 10:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 196,4 mln. manat vəsait yönəldilib ki, onun 49,1%-i və ya 587,4 mln. manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 5,2% artıb: «Dövlət mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala 628,9 mln. manat, qeyri-dövlət müəssisələri isə 567,5 mln. manat vəsait sərf edib. Məhsul istehsalı obyektlərinin inşasında 614,4 mln. manat, xidmət sahələri üzrə obyektlərin tikintisində 582 mln. manatlıq vəsaitdən istifadə edilib».

Əsas kapitala yönəldilmiş vəsaitin 66,7%-ni daxili, 33,3%-ni isə xarici mənbələrdən yönəldilmiş vəsaitlər təşkil edib, daxili mənbələrdən yönəldilən vəsaitlərin 70,5%-i dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, 29,5%-i isə qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşüb.

«Yanvar-fevral aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 484,8 mln. manatı (40,5%-i) neft bölməsinin, 711,6 mln. manatı (59,5%-i) qeyri-neft bölməsinin, o cümlədən 55,5 mln. manatı (4,6%-i) qeyri-neft sənaye bölməsinin inkişafında istifadə edilib», - deyə Komitədən bildirilib.

Qeyd edək ki, hesabat dövründə Gəncədə Alüminium Zavodu Kompleksi, Goranboyda Şahmat Məktəbi, Qusarda Mərkəzi Xəstəxana və Şahmat Mərkəzi istifadəyə verilib. Bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 247,1 min kv. metr olan yeni yaşayış evləri, 15 çarpayılıq xəstəxana, 140 yerlik klub istifadəyə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR