Bank Of Baku

Bakıdan Lvov və Simferopola birbaşa aviareyslər açılacaq

Bakıdan Lvov və Simferopola birbaşa aviareyslər açılacaq
# 16 may 2012 10:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ukrayna ilə Azərbaycan arasında birbaşa sərnişin aviareyslərinin coğrafiyası genişlənir. Bu barədə «APA-Economics»ə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko məlumat verib.

Onun sözlərinə görə, «Azərbaycan Hava Yolları» QSC (AZAL) yay aylarında Bakıdan Lvov və Simferopol şəhərlərinə birbaşa sərnişin aviareysləri açacaq: «Lvov şəhərinə uçuşlar mövsümlə əlaqədardır ki, Lvovdan 80 km aralıda Ukraynanın tanınmış Truskavets kurortu yerləşir və azərbaycanlılar arasında bu kurort çox populyardır».

AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, iyunun 17-dən etibarən Bakı-Lvov marşrutu üzrə uçuşlara başlanacaq ki, uçuşlar hər həftənin VII günləri saat 08:30-da yerinə yetiriləcək: «İyulun 2-dən etibarən isə AZAL Bakı-Simferopol aviareysini açacaq. Bakıdan Simferopola uçuşlar hər həftənin I və IV günləri saat 09:35-də həyata keçiriləcək».

AZAL-dan həmçinin bildirilib ki, artıq Bakıdan Lvov və Simferopol şəhərlərinə aviabiletlərin satışına başlanılıb: «Bakı-Lvov-Bakı aviareysinə bir biletin minimal qiyməti 420 manat, Bakı-Simferopol-Bakı aviareysinə isə 448 manat təşkil edir».

Qeyd edək ki, hazırda AZAL Bakıdan Ukraynanın paytaxtı Kiyev şəhərinə də birbaşa uçuşlar yerinə yetirir. Eyni zamanda Kiyev və Donetsk şəhərlərinə birbaşa aviareysləri Ukraynanın «Aerosvit» şirkəti də həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR