İranın Limanlar və Dənizçilik Təşkilatı və Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) əməkdaşları arasında görüş keçirilib.
APA-nın Tehran bürosunun məlumatına görə, İranın Limanlar və Dənizçilik Təşkilatının rəsmisi Xosrov Sərayi ilə Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dənizçilik Agentliyinin Dənizçilik Departamentinin rəhbəri Vamiq Rəhimov arasında video-konfrans vasitəsilə görüş keçirilib.
İran tərəfdən Xosrov Sərayinin və Azərbaycan tərəfdən Vamiq Rəhimovun sədrliyi ilə keçirilən görüş bu gün, sentyabrın 14-də baş tutub.
Görüşdə tərəflər iki ölkə arasında dəniz nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlığın son vəziyyəti barədə məlumat mübadiləsi apararaq, iki ölkənin Xəzər dənizindəki limanları arasında əmtəə dövriyyəsinin daha da artırılmasının vacibliyini vurğulayıblar.
İclasın gündəliyinə iki ölkənin liman sahəsində bir sıra aktual məsələlərin nəzərdən keçirilməsi və gələcəkdə dəniz sahəsində əməkdaşlığın genişləndirilməsinə dair bir sıra sənədlərin layihəsinin hazırlanması daxildir.
İclasın açılış mərasimində İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi qısa nitq söyləyib. Səfir bildirib ki, Xəzər dənizi sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq dənizidir: “İran və Azərbaycan Xəzər dənizinin iki sahilyanı dövləti olaraq bir çox sahələrdə, o cümlədən dini, mədəni və tarixi cəhətdən ortaq dəyərləri bölüşürlər və Xəzər dənizi iki ölkə arasında əməkdaşlıq üçün saysız-hesabsız imkanlar yaradıb”.