Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) Səhiyyə Nazirliyinin müraciəti əsasında koronavirus infeksiyası (COVID-19) ilə mübarizə aparan səhiyyə işçilərinə dəstək məqsədilə müəyyən güzəştlərin tətbiq olunması ilə əlaqədar mobil rabitə operatorlarına müraciət edib.
NRYTN-dan “APA-Economics”ə verilən məlumata görə, respublikanın fəaliyyət göstərən mobil operatorları “Azercell Telekom” MMC, “Azerfon” MMC (“Nar”) və “Bakcell” MMC nazirliyin dəstək çağırışına qoşulub. Belə ki, sözügedən şirkətlər artıq bu istiqamətdə yeni sosial məsuliyyət tədbirinə start verib. Müvafiq mobil operatorlar COVID-19-la mübarizədə xalqın sağlamlığının keşiyində dayanan 1 200-ə yaxın tibb işçisinin mobil nömrəsinə 3 ay ərzində hər ay hədiyyə balans yükləyəcək.
Hədiyyə olunan məbləğ müasir mobil rabitənin təmin etdiyi bütün xidmətlər (şəbəkədaxili/şəbəkəxarici/ölkəxarici zənglər, SMS, mobil internet) üçün istifadə oluna bilər. Adıçəkilən mobil operatorlar dünyada və ölkəmizdə hökm sürən pandemiya şəraitində bundan öncə də həkimlərimizə öz dəstəyini göstərib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həkimlərin siyahısı Səhiyyə Nazirliyi tərəfindən təqdim edilib.
Qeyd edək ki, NRYTN bundan sonra da bu tip sosial aksiyaların keçirilməsində istənilən çağırışa və müraciətə dəstək göstərəcək.