Bank Of Baku

İKT şirkətlərinin nümayəndələri ilə onlayn görüş keçirilib

İKT şirkətlərinin nümayəndələri ilə onlayn görüş keçirilib
# 17 avqust 2020 18:35 (UTC +04:00)

“Caspian Energy Club”ın İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) bölməsinə daxil olan ölkənin aparıcı İKT şirkətlərinin nümayəndələri ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin onlayn formatda görüşü keçirilib.

"Caspian Energy Club"dan "APA-Economics"ə verilən məlumata görə, nazir müavini çıxışında pandemiya dövründə, İKT sahəsində cari vəziyyət, görülən işlər və yaxın perspektivlər barədə məlumat verib. E.Vəlizadə unikal bir dövrdə yaşadığımızı, XXI əsrin ilk pandemiyası ilə mübarizə apardığımızı və bəşəriyyət tarixində ilk dəfə olaraq bu mübarizədə İKT-nin mühüm rol oynadığını qeyd edib.

Nazirlik rəsmisi ölkədə bu müddət ərzində tətbiq olunmuş İKT həllərdən danışıb, başlıca vəzifənin isə İKT şirkətlərinin potensialının qorunub saxlanılması, kadrların itirilməsinə yol verilməməsi olduğunu bildirib.

Gələcək perspektivlərə baxış üçün isə görüşdə Nazirlik tərəfindən hazırlanan “Azərbaycanda və dünyada İnformasiya-Kommunikasiya Texnologiyaların inkişaf tendensiyaları və perspektivləri” mövzusunda təqdimatla çıxış edilib.

Nazirliyin Strateji planlaşdırma və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsini icra edən Heydər Rüstəmovun etdiyi təqdimatda ölkəmizdə 2013-2019-cu illərdə İKT inkişafının mövcud vəziyyəti, inkişafın əsasında duran sahələr, gəlirlərin dəyişmə dinamikası, İKT istehsalının strukturu, sahə üzrə məhsul və xidmətlərinin ixracı və idxalı, pandemiya ilə əlaqədar 2020-ci il ərzində İKT-nin mövcud vəziyyəti barədə məlumat verilib, eləcə də sektorun inkişafı ilə bağlı hazırlanmış ilkin təkliflər təqdim olunub.

Təqdimat ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb. Ümumilikdə iştirakçıların fikirləri, qarşılaşdıqları çətinliklər və problemlər dinlənilib, sektorun inkişafı ilə bağlı təklifləri müzakirə olunub.

İştirakçılar pandemiya dövründə, xüsusilə də xüsusi karantin rejiminin ilk vaxtlarında və hazırda nazirliklə keçirilən bu görüşləri yüksək qiymətləndiriblər. Bildirilib ki, bu görüşlər İKT şirkətləri üçün yaranan vəziyyətdə fəaliyyətlərinin təşkilinə dair təlimat əldə etməyə, mövcud problemlərin operativ həlli üçün əlaqələrin yaradılmasına xidmət edib. Hazırlanmış təqdimat iştirakçılar tərəfindən təqdirəlayiq hesab edilib və aparılan təhlilin gələcək fəaliyyət üçün əhəmiyyəti vurğulanıb. Şirkətlərin də təkliflər təqdim edəcəyinə dair fikirlər səsləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR