Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 2021-ci il ərzində 728,3 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunub.
"APA-Economics"in verdiyi xəbərə görə, bu barədə AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov 2021-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, bunlardan 606,8 km investisiya vəsaiti hesabına, 121,5 km isə “Avtomobil Yolları” Məqsədli Büdcə vəsaiti hesabına yerinə yetirilib.
2021-ci il ərzində 10 yeni körpünün (İsmayıllı rayonu ərazisində 4, “Zəfər Yolu üzərində 5, Ağcabədi rayonu ərazisində 1), Bakı şəhərində Qala-Pirallahı avtomobil yolunun 3,6 kilometrində uzunluğu 76,7 m olan və Ziya Bünyadov prospektində 9 nömrəli Bakı Peşə Liseyinin qarşısında uzunluğu 90 metr olan yeni yerüstü piyada keçidlərinin tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilib.
S. Məmmədov onu da əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci il 26 fevral tarixli 2522 nömrəli Sərəncam ilə təsdiq edilmiş, 2021-ci ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış vəsait hesabına, habelə Prezidentin ehtiyat fondundan ayrılmış vəsait hesabına 17 kəndlərarası avtomobil yolları layihəsindən uzunluğu 207,4 km təşkil edən 12 layihənin icrası başa çatmış, tikintisinə ilkin vəsait ayrılmış uzunluğu 167 km təşkil edən 5 layihə üzrə işlər isə davam etdirilib.
Bundan başqa, Dövlət Agentliyi tərəfindən Şəki, Yevlax, Ucar, Zərdab, Ağcabədi rayonlarında 61,7 km uzunluğunda 10 kənd yolunun yenidən qurulması işləri həyata keçirilib. Yevlax rayonunda – 7,6 km, Şəki rayonunda – 11,4 km, Ucar rayonunda –6,9 km, Zərdab rayonunda – 25,6 km və Ağcabədi rayonunda – 10,2 km uzunluğa malik kənd yolu yenidən qurulub.
Şamaxı rayonunda 45,4 km, Naftalan şəhərində 16,9 km uzunluğunda daxili yollarının yenidən qurulması və əsaslı təmiri işləri başa çatdırılıb. Bundan başqa, Bakı şəhəri və onun 12 rayonunda 123,1 km investisiya vəsaiti hesabına, 51,8 km isə “Avtomobil Yolları” Məqsədli Büdcə vəsaiti hesabına 174,9 km uzunluğunda şəhər və qəsəbə daxili avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri işləri də başa çatdırılıb.