ABŞ-da televizoru olan ev təsərrüfatlarında ənənəvi ödənişli televiziyanın nüfuzu 2010-cu ildəki 91%-dən və 2021-ci ildəki 60%-dən 2026-cı ildə 50%-dən aşağı düşəcək.
“APA-Economics”in məlumatına görə, bu barədə “Advanced Television” “North America Pay TV Forecasts” hesabatına istinadən xəbər verir.
Proqnoza görə, 2027-ci ilədək ABŞ-da ödənişli TV abunəçilərinin sayı 60 mln. təşkil edəcək. 2010-cu ildə bu rəqəm 105 milyona bərabər olub.
“Digital TV Research”un baş analitiki Simon Müreyin sözlərinə görə, 2019-cu ildən 2021-ci ilədək ABŞ-da ödənişli TV-lər hər il 6 mln. abunəçi itirib.
“Bundan sonra itkilər azalacaq, lakin 2027-ci ildə ümumi say 2021-ci ilə nisbətən 12 mln. az olacaq”, - S. Mürey əlavə edib.
Ekspertlərin fikrincə, ödənişli TV abunəçisi olmayan ev təsərrüfatlarının sayı 2010-cu ildəki 11,34 milyondan 2027-ci ildə 72,86 milyona yüksələcək, bu da əsasən ənənəvi televiziya xidmətlərindən imtina edənlərin hesabına baş verəcək.